
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərenerji” tərəfindən 154/110/10 kV-luq “Babək” YS-nın yenidən qurulması işləri üçün keçirilən tender müsabiqəsinin qalibi “Electro İndustries” QSC (VÖEN – 1401861671) olub.
“Azərenerji” tenderin qalibi olan “Electro İndustries” QSC-yə 24 milyon 83 min 286 manat 89 qəpik ödəyəcək.
“Electro İndustries” QSC ötən ay “Azərenerji”nin keçirdiyi 21 milyon manatlıq, ötən il isə “Azərenerji”nin keçirdiyi 41 milyon manatlıq tenderin qalibi olub.
Məlumat üçün bildirək ki, “Electro İndustries” QSC 21 oktyabr 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospekti, ev 187B-də yerləşir. “Electro İndustries” QSC-nin sahibi Əliyev Ziyad Taqif oğlu, qanuni təmsilçisi isə Qurbanov Emin Telman oğludur.
Məlumat üçün onu da bildirək ki, “Electro İndustries” QSC-nin sahibi olan Əliyev Ziyad Taqif oğlu eyni zamanda “Zirə Gülçülük” QSC-nin qanuni təmsilçisidir. “Zirə Gülçülük” 12 fevral 2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 010 manat olan QSC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşir. “Zirə Gülçülük” də müxtəlif dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib gələrək, onlara bitkilər, güllər və əklillər satıb.
Qeyd edək ki, “Zirə Gülçülük” QSC “Azərişıq” ASC-nin keçmiş rəhbəri, hazırda “Azərenerji” ASC-nin prezidenti olan Baba Rzayevlə qohumluq əlaqələri olan şəxslərə məxsusdur. “Zirə Gülçülük” şirkətinin qeydiyyatda olduğu ünvanda “Zirə Aqropark” MMC (VÖEN – 1503134451) adlı şirkət də qeydiyyatdadır. “Zirə Aqropark” MMC-nin əvvələr qanuni təmsilçisi olan Soltanov Ayaz Üzeyir oğlu eyni zamanda “FF Construston” MMC-nin (VÖEN – 1500616851) qanuni təmsilçisidir. “FF Construston” MMC-nin hüquqi ünvanı isə Baba Rzayevin kürəkəni Fərid Fərhadzadənin qeydiyyatda olduğu – Fətəli xan Xoyski pr., ev 134, m. 28-də yerləşir. Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN - 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
Bundan başqa “Zirə Gülçülük” QSC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə - “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN - 1501472741) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.
Elnur Əli