
NATO-nun Baş katibi Mark Rutte bildirib ki, alyans Avropanın şərq cinahının müdafiəsini gücləndirmək üçün “Şərq keşikçiləri” əməliyyatına başlayır.
Yeniavaz.com xəbər verir ki, Rutte bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkeviçlə keçirdiyi mətbuat konfransında deyib.
Rutte əlavə edib ki, bu, Rusiyanın pilotsuz təyyarələrinin Polşanın hava məkanına müdaxiləsinə cavabdır:
“Bu (dron hücumu - red.) ağılsız və qəbuledilməzdir. Biz Rusiya pilotsuz təyyarələrinin müttəfiqlərin hava məkanına soxulmasına icazə verə bilmərik”.
Sentyabrın 12-də başlayan missiyaya NATO-nun bir sıra qüvvələri və aktivləri cəlb olunacaq. Artıq əməliyyata Danimarka, Fransa, Böyük Britaniya və Almaniya da qoşulub.
“Təcavüzlə mübarizə və alyansın hər bir üzvünü müdafiə etmək çox vacibdir. Şərq cinahını müdafiə etmək bizim əsas vəzifəmizdir”, - NATO-nun baş katibi əlavə edib.
Xatırladaq ki, sentyabrın 10-da Rusiyanın 20-yə yaxın pilotsuz təyyarəsi Polşa ərazisinə daxil olub. Buna cavab olaraq Polşa və onun NATO müttəfiqləri qırıcı təyyarələri havaya qaldırdı. Pilotsuz təyyarələrin bəziləri vuruldu - bu, ilk dəfədir ki, Rusiya pilotsuz təyyarələri NATO ərazisi üzərində vurulur.
Sentyabrın 12-dən Polşa da birtərəfli qaydada Belarusla sərhədini bağlayıb. Varşava bu qərarı hələ dron insidentindən əvvəl elan edərək bunu sentyabrın 12-də Belarusda başlayan Rusiya-Belarus hərbi təlimləri “Zapad-2025”lə izah edib. Sərhəd qeyri-müəyyən müddətə bağlanıb.
Pilotsuz təyyarə insidentindən sonra Polşa və Latviya da Rusiya və Belarusla sərhəddəki hava məkanını bağlayacaqlarını açıqlayıb.