Sevginiz dərman kimi olsun!


Bu yaxınlarda telekanallarda bir xəbərə rast gəldim və etiraf edim ki, neçə gün o xəbərin təsirindən qurtula bilmədim…
İngiltərədə beş yaşlı Caydenin beynində şiş aşkar edirlər və həkimlar onun cəmisi bir neçə ay yaşayacağına diaqnoz qoyurlar.
Bir gün uşağın ad günü çatır və bu son ad günündə ata Mayk Vilson oğluna ən sevdiyi qəhrəmanı hədiyyə etmək istəyir.
Uşağın ən sevdiyi qəhrəman isə “Spaydermen”, yəni “Hörümçək adam”dır. Ata da bu xoş günündə ona məhz Spaydermeni sürpriz edir. Mağazadan hörümçək adam geyimi alır və həyat yoldaşı ilə ssenari hazırlayır. Ssenari üzrə ana, xəstə oğlan və bacısı qapıdan çıxarkən Spaydermen yuxarıdan tullanaraq onların qarşısında yerə düşür. Qarşılarında nağıl qəhrəmanını görən ana da, uşaqlar da bir anlıq həyəcanla qışqırırlar. Hər şey o qədər təbii alınır ki, o anda hər kəs ağrısını, dərdini unudur və qarşı tərəflə dialoqa girişir. Spaydermen 5 yaşlı yubilyardan adını soruşur, sonra onun barmaqlarını sayır, uşaq da bu şirin münasibət qarşısında bu gözlənilməz qonağın boynuna sarılır. Sonra Spaydermen uşağı qucağına götürür və birlikdə evə daxil olurlar. Xəbər bu görüntü ilə də başa çatır.
Heç şübhəsiz ki, “Hörümçək adam” evdə də öz məharətini göstərməkdə davam edəcək, bəlkə bir sıçrayışla masanın üstünə çıxacaq, ya da bir anda divandan uçaraq otağın o biri başına düşəcək. 5 yaşlı Cayden də bütün bunlara tamaşa edərkən ağrılarını unudub güləcək, Spaydermen rolunu oynayan atanın gözlərindən axan yaş isə maskasının altında bütün sifətinə yayılacaq. Sonra da bu qəfil qonaq bir daha gələcəyini söyləyib gəldiyi kimi də gözdən itəcək.
Bir az sonra evə ata gələcək. Cayden sevincək halda özünü atanın qucağına atacaq və həyəcanından boğula-boğula Spaydermenin gəlməyindən, onunla danışmağından, yenə qayıdacağından danışacaq. Ata da maraq dolu gözlərini ona zilləyib heyrətlə qulaq asacaq və “Kaş ki, mən də burada olaydım, onu görə biləydim”, - deyəcək. Hələ ola bilsin ki, uşaq atasına təsəlli də verəcək: “Sən heç narahat olma, bir də gələndə görərsən”…  
Bu söylədiklərimiz təxminən 3-4 dəqiqəlik bir xəbərdir. Ancaq insanın duyğularında yaratdığı təlatümün həddi yoxdur. Övladın ağrısına azacıq da olsa, məlhəm olmaq üçün valideynin bu qədər həssas davranışı, əlbəttə, təqdirə layiqdir. Nə etmək olar, olan olacaq, ancaq o olacaqların içində kiçik bir təsəlli adası düzəltmək, bütün ağrıları unutdurmaq əsl sevginin meyvəsidir.
Bu yazıda bizim demək istədiyimiz də odur ki, sevdiklərinizə sevginizi bildirməkdən çəkinməyin. Ailə dediyin əslində bir-birini sevənlərin birliyidir. Bir-birinizi sevin, sevginizi bölüşün və sevginiz bir-birinizə dərman kimi olsun. Sevdikləriniz üçün hər cür fədakarlığa hazır olun ki, sonradan hansısa tərəddüdə görə peşman olmayasınız. Çünki ömür dediyimiz çoxlarının düşündüyü kimi o qədər də uzun deyil... 

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top