
İsveç Polşanın hava məkanını bəzi dronların pozması ilə əlaqədar təcili olaraq Polşaya təyyarə və hava hücumundan müdafiə sistemləri göndərəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış TVN24 telekanalının efirində danışıb.
“Mən indicə İsveçin müdafiə nazirindən Polşaya təcili olaraq əlavə yardımın, o cümlədən hava hücumundan müdafiə sistemləri və təyyarələrin göndərilməsi barədə məlumat aldım”, - nazir deyib.
Kosiniak-Kamış Polşaya hansı təyyarə və hava hücumundan müdafiə sistemlərinin göndəriləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, sentyabrın 10-da səhər tezdən Polşa ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan və PUA kimi müəyyən edilən bir neçə obyektin məhv edildiyini açıqlayıb. Digər tərəfdən, Polşa Baş naziri Donald Tusk sentyabrın 9-dan 10-na keçən gecə ölkənin hava məkanının 19 dəfə pozulduğunu, bütün dronların Belarus ərazisindən göndərildiyini bildirib.