
“Bloomberg” agentliyi Türkiyədə hökumətin “Boğaziçi” (“15 İyul Şəhidləri”) və “Fatih Sultan Mehmet” körpülərini, həmçinin 9 magistral yolu özəlləşdirməyə hazırlaşdığını iddia edib.
Yeniavaz.com xəbər verir ki, Patrik Sayks, Kerim Karakaya və Fırat Kozokun müəllifi olduğu xəbərə görə, adı açıqlanmayan mənbələr satış tamamlanacağı təqdirdə, bunun ölkə tarixindəki ən böyük özəlləşdirmə sövdələşməsi olacağını qeyd edib.
Mənbələr həmçinin Xəzinə və Maliyyə Nazirliyinə tabe olan Özəlləşdirmə İdarəsinin banklardan körpü və magistral yollar üçün təkliflər tələb etdiyini bildirib.
Bununla belə, xəbərdə qeyd edilib ki, danışıqlar hələ ilkin mərhələdədir və razılaşma yekunlaşmaya bilər.
Digər tərəfdən, Özəlləşdirmə İdarəsi məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, 2012-ci ildə də iki körpü tenderə çıxarılmışdı, lakin o vaxtkı hökumət rəhbərliyi 5,7 milyard dollarlıq təklifi qeyri-məqbul hesab etmişdi.
Xatırladaq ki, “Boğaziçi” və “Fatih Sultan Mehmet” körpülərinin istismarı hazırda Avtomobil Yolları Baş İdarəsinin tabeliyindədir və bu iki körpünün üzərindən hər gün təxminən 450 min avtomobil keçir.