
Karib dənizində ağ gözlü və parlaq narıncı rəngdə köpəkbalığı (Ginglymostoma cirratum) tapılıb.
Yeniavaz.com xəbər verir ki, araşdırma “Marine Biodiversity” jurnalında dərc edilib.
Bildirilib ki, köpəkbalığında dərinin sarı piqmentasiyasını artıran ksantizm və ya ksantoxromizm adlı nadir bir xəstəlik aşkar edilib.
Tarixdə ilk dəfədir ki, bu xəstəliyə tutulmuş köpəkbalığı tapılır. Dəniz yırtıcısında həmçinin albinizm xəstəliyi var, bu səbəbdən köpəkbalığının gözləri ağdır.
Alimlər 2 metr ölçüsündə olan qeyri-adi narıncı köpəkbalığını tədqiq ediblər. Ksantizm adətən sarı və narıncı rəngə malik olan müxtəlif növ heyvanlarda baş versə də, köpək balıqlarında bu xəstəliyə hələ rast gəlinməyib.
Alimlər köpək balıqlarında anormal piqmentasiyanın səbəblərini araşdırmaqda davam edirlər. Bu cür xəstəliklər ümumiyyətlə genetika ilə əlaqələndirilir. Lakin tədqiqatın müəllifləri hesab edirlər ki, bu köpəkbalığının qeyri-adi rənglənməsinə temperaturun yüksəlməsi və ətraf mühitin dəyişməsi təsir göstərə bilərdi, baxmayaraq ki, bu dəyişikliklərin genetik əsası var. Vəziyyəti aydınlaşdırmaq üçün əlavə araşdırmalara ehtiyac var.