
İspaniya hökuməti iki ifrat sağçı İsrail naziri İtamar Ben-Qvir və Betsalel Smotriçin ölkəyə girişinə qadağan etmək qərarına gəlib.
Yeniavaz.com “The Times of Israel” qəzetinə istinadla xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares məlumat yayıb.
O, Ben-Qvir və Smotriçin “sanksiyaya məruz qalan və İspaniyaya girişi qadağan edilən şəxslərin rəsmi siyahısı”na daxil edildiyini bildirib.
Bu, İsrail və İspaniya arasında gedən diplomatik münaqişədə son addım olub.
Belə ki, bu addım İsrailin iki İspaniya nazirinə qarşı sanksiyalar tətbiq etdiyini elan etməsindən və İspaniya hökumətini anti-İsrail siyasəti yürütməkdə ittiham etməsindən sonra atılıb.
Digər tərəfdən, İspaniya Xarici İşlər Nazirliyi həmçinin antisemitizm ittihamları ilə əlaqədar öz səfirini İsraildən məsləhətləşmələr üçün geri çağırıb.
Qeyd edək ki, sentyabrın 8-də İspaniya Qəzza zolağında müharibə və humanitar böhrana görə İsrailə qarşı sərt sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Bu barədə ilk dəfə İsrailə münasibətdə açıq şəkildə “soyqırım” sözünü işlədən İspaniyanın Baş naziri Pedro Sançes verib.
Xüsusilə, İspaniya İsrailə silah tədarükünə embarqo, İsrail üçün silah və hərbi texnika daşıyan təyyarələr üçün ölkənin hava məkanından istifadəyə qadağa qoyub, həmçinin Qəzza zolağında soyqırım, insan hüquqlarının pozulması və müharibə cinayətlərində bilavasitə əli olan bütün şəxslərə girişi qadağan edib.
Buna cavab olaraq, İsrailin xarici işlər naziri Gideon Saar İspaniyanın baş nazirinin müavini və əmək naziri Yolanda Diaza və gənclər və uşaqlar naziri Ser Reqoya qarşı şəxsi sanksiyalar elan edib. Onların İsrailə girişi qadağan edilib.
Bu addımdan sonra İspaniya səfirini geri çağırdığını elan edib və bu gün İsrailin iki nazirinə simmetrik sanksiya tətbiq edib.