
Masazır gölü ətrafında xeyli sayda əhali qeyri-qanuni şəkildə məskunlaşıb. Həmin ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Bununla belə, gölə çirkab sularının axıdılmasının qarşısını almaq məqsədilə göl ətrafında iki nasos stansiyası qurulub. Bu stansiyalar vasitəsilə tullantı suları Novxanı kollektoruna, oradan isə Sumqayıt Tullantı Sutəmizləyici Qurğularına yönləndirilir.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıqlayıb.
Bildirilib ki, hazırda müşahidə olunan çirkab su axıntısı Masazır gölündən aralı və səviyyəcə hündürdə yerləşən digər təbii göldən gəlir.
“Həmin gölün ətrafında da qanunsuz məskunlaşan əhali çirkab sularını birbaşa gölə axıdır. Nəticədə su səviyyəsi qalxır və axıntılar Masazır gölünə tökülür. Mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı olmayan əhali tullantı sularının idarə olunmasında alternativ və təhlükəsiz üsullardan istifadə etməli, qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
“Su təchizatı və tullantı suları haqqında” Qanunu, həmçinin Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən, tullantı suların idarə olunması sanitariya, gigiyena və ekoloji normalara uyğun şəkildə həyata keçirilməlidir.
Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrindəki tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunub, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır.
Quyu dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərti ilə təmizlənməlidir. Əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşan tullantı sularının əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarının qarşısını almaq üçün ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti müntəzəm olaraq reydlər keçirir və qanuna əməl etməyənlər barədə qanunauyğun şəkildə tədbir görürlər.
Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”, - məlumatda deyilir.