
“Ceyms Uebb” kosmik teleskopundan alınan məlumatlar nəticəsində alimlər “Böyük Partlayış”dan 90 milyon il sonra yaranan qalaktikanı kəşf ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Naked Science” portalı məlumat yayıb.
Məlumata görə, bu kəşf əvvəlki “çempion”un rekordunu demək olar ki, 200 milyon il qabaqlayır.
Kəşf İtaliyanın Padua Universitetindən Covanni Qandolfinin rəhbərlik etdiyi beynəlxalq astronomlar qrupu tərəfindən “Ceyms Uebb”in məlumatları əsasında həyata keçirilib.
Aparılan hərtərəfli təhlillər nəticəsində İtaliyadakı bir dağın şərəfinə “Kapotauro” adlandırılan qalaktikanın “Böyük Partlayış”dan cəmi 90 milyon il sonra yarandığı müəyyən edilb.
İlkin hesablamalar göstərir ki, "Kapotauro"nun kütləsi Günəşin kütləsindən milyard dəfə böyük ola bilər.
Bununla belə, həqiqəti öyrənmək üçün astronomların əlavə müşahidələrə ehtiyacı var.
Qeyd edək ki, bu günə qədər təsdiqlənmiş ən qədim qalaktika “Ceyms Uebb” kosmik teleskopunun məlumatlarından istifadə edilməklə kəşf edilmiş MoM-z14 qalaktikasıdır.
Belə ki, MoM-z14 kainatın cəmi 280 milyon il yaşı olanda mövcud olub.