Hansı ölkələr xərçəng araşdırmalarına daha çox pul xərcləyir?


Səkkiz illik araşdırma dövründə (2016–2023) xərçəng tədqiqatlarına ən çox maliyyə dəstəyi göstərən ölkə ABŞ olub.
Yeniavaz.com
xəbər verir ki, “The Lancet Oncology” jurnalında dərc edilən yeni təhlilə görə, bu ölkə qlobal maliyyələşdirmənin 57%-ini – 25,2 milyard avronu təmin edib.
Ümumilikdə, həmin dövrdə dünya üzrə 108 min qrant vasitəsilə xərçəng tədqiqatlarına 51,4 milyard dollar ayrılıb. Buraya dövlət və xeyriyyə fondlarının xərcləri daxildir, lakin özəl sektorun sərmayələri nəzərə alınmayıb.
Avropa İttifaqı və üzv dövlətlər bu sahəyə 7,4 milyard avro (16,8%) yatıraraq dünyada ictimai və xeyriyyə maliyyəsinin altıda birini təmin edib. Böyük Britaniya isə 4,9 milyard avro (11,1%) ayırıb.
Digər əsas donor ölkələr arasında Yaponiya (1,6 milyard avro), Avstraliya (1,3 milyard avro), Kanada və Çin (hər biri 1,3 milyard avro) göstərilib.
Tədqiqat həmçinin qeyd edir ki, qlobal investisiyalar 2021-ci ildəki kəskin artımdan sonra ümumilikdə azalmağa başlayıb. Yalnız Avropa İttifaqında xərclər yüksəlməyə davam edib. Bu tendensiyada xüsusilə Almaniyanın payı böyükdür – ölkə təkcə 610 milyon avro ayıraraq 2021-ci ildən sonrakı artımın əsas səbəbi olub.
Maraqlıdır ki, zəngin ölkələrin üstünlük təşkil etdiyi bu maliyyələşdirmə fonunda aşağı gəlirli dövlətlərin payı cəmi 48,4 milyon avro təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top