
Seul bazar günü ABŞ-də saxlanılan Cənubi Koreya vətəndaşlarının azad olunması istiqamətində aparılan danışıqların başa çatdığını açıqlayıb.
Yeniavaz.com AFP-yə istinadən xəbər verir ki, yalnız inzibati prosedurlar qalıb və onların tamamlanmasından sonra işçilərin Vətənə qaytarılması üçün xüsusi çarter reysi təşkil ediləcək.
Bu açıqlama Ellabell şəhərində yerləşən “Hyundai-LG” akkumulyator zavodunda keçirilən reydin ardınca verilib. Cümə axşamı keçirilən əməliyyat zamanı 300-dən çox cənubi koreyalı işçi saxlanılıb. Məlumata görə, bu, ABŞ Prezidenti Donald Trampın miqrantlara qarşı siyasəti çərçivəsində indiyədək ən böyük reyd olub və Seulda ciddi narahatlıq yaradıb.
Şirkət rəsmilərinin açıqlamasına görə, saxlanılanların 47-si birbaşa “LG Energy Solution” işçiləridir. Onlardan 46-sı Cənubi Koreya, biri isə İndoneziya vətəndaşıdır. Qalan 250-yə yaxın nəfərin isə şirkətin podratçıları üçün çalışan koreyalılar olduğu bildirilir.
Hazırda Seul və Vaşinqton arasındakı diplomatik kanallar vasitəsilə işçilərin tezliklə ölkələrinə qayıtması üçün prosedurların yekunlaşdırılması gözlənilir.