
Yaponiyanın Baş naziri Şiqeru İşiba hakim Liberal Demokrat Partiyasının (LDP) sədri vəzifəsindən istefa vermək qərarına gəldiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bunu onun özü açıqlayıb.
“Mən LDP sədri vəzifəsindən istefa vermək qərarına gəldim”, - deyə o bildirib.
İşiba xatırladıb ki, o, vəzifədən yapışmaq niyyətində olmadığını və doğru zamanda qərar verəcəyini demişdi.
Qeyd edək ki, o, hökumət başçısı postunu da tərk edəcək.
Xatırladaq ki, LDP və Komeitonun hakim bloku iyulun 20-də keçirilən seçkilərdə parlamentin yuxarı palatasında çoxluğunu itirib. Bu, İşiba üçün ardıcıl ikinci böyük məğlubiyyət idi. Belə ki, keçən ilin oktyabrında hakim koalisiya parlamentin əsas aşağı palatasında da çoxluğunu itirmişdi. Son vaxtlar LDP və onun gənclər qanadında bir sıra nüfuzlu şəxslər İşibanın istefasını tələb edirdilər.