
Sentyabrın 6-da Ukrayna Təhlükəsizlik Xidməti (SBU) vətənə xəyanətdə şübhəli bilinən Ukrayna Ali Radasının indiki deputatının saxlanıldığını elan edib.
Yeniavaz.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, məlumatı Baş Prokurorluq da təsdiqləyib.
Bildirilir ki, sözügedən şəxs hazırda fəaliyyəti qadağan edilmiş “Müxalifət Platforması – Ömürlük” siyasi partiyasının deputatı Fedor Xristenkodur. Onun Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra yaşadığı Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ekstradisiya edildiyi iddia edilir.
Qeyd olunub ki, Xristenkonun ekstradisiyası adi prosedura uyğun deyil, siyasi razılıq nəticəsində baş tutub. Belə ki, işə prezident Volodimir Zelenskinin tapşırığı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov rəhbərlik edib.
Sentyabrın 6-da Kiyev məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
İstintaqın məlumatına görə, Xristenko işğaldan əvvəl Rusiya təhlükəsizlik xidməti FSB tərəfindən işə götürülüb və Rusiya xüsusi xidmət orqanları üçün tapşırıqlar, o cümlədən “Ukrayna hüquq-mühafizə orqanlarından birinin rəhbərliyinə təsir mexanizmi” yaratmaq kimi tapşırıqları yerinə yetirib.