
“ABŞ Prezidenti Donald Tramp Venesuelada narkotik kartellərinə zərbə endirmək variantını nəzərdən keçirir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasının planları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Ağ Ev hesab edir ki, bu cür hərəkətlər Venesuela Prezidenti Nikolas Maduronu zəiflətməyə yönəlmiş daha geniş strategiyanın bir hissəsi kimi faydalı olacaq.
Mənbələr qeyd edir ki, ABŞ-nin sentyabrın 2-də Venesuelanın gəmisinə endirdiyi zərbə, regionu narkotik ticarətindən təmizləmək və Maduronu hakimiyyətdən potensial olaraq uzaqlaşdırmaq üçün daha böyük səylərin yalnız başlanğıcı idi.
Sentyabrın 5-də jurnalistlərin Venesuelada hakimiyyət dəyişikliyini görmək istəyib-istəmədiyi sualına Tramp belə cavab verib:
“Biz bunu müzakirə etmirik. Amma biz görmüşük ki, Venesuelada “yumşaq desək”, çox qəribə seçkilər olub”.
Xatırladaq ki, son həftələrdə ABŞ Karib hövzəsinə əhəmiyyətli hərbi qüvvələr yerləşdirdi ki, bu da Ağ Ev rəsmilərinin fikrincə, Maduroya siqnal rolunu oynamalı idi. CNN qeyd edir ki, “Tomahawk” raketləri, hücum sualtı qayığı, bir neçə təyyarə, dörd mindən çox dənizçi və dəniz piyadası ilə təchiz olunmuş gəmilər hazırda Venesuela sahillərində yerləşir.