
Yəqin deyəcəksiniz ki, buna nə ehtiyac var... Ancaq ən yaxşısı hökm çıxarmaqda tələsməyin və qısa bir müddət üçün də olsa, məktub yazmağın hansı faydaları var, onları nəzərdən keçirin...
- Məktub təkcə “eşitmək” üçün yox, həm də “görmək” üçündür. Buna görə də, məktub təkcə informasiyanı ötürmür, həmçinin, çatdırmaq istədiyiniz problemin oxucunun yaddaşına daha asan yerləşməsinə imkan verir.
- Qarşılıqlı dialoqlarınızda qarşı tərəfin sizi dinləmədiyini düşünürsünüzsə və ya qarşı tərəfin sizə danışmağa imkan vermədiyini ehtimal edirsinizsə, məktubda bu ehtimallar aradan qalxır.
- Əgər adi şəraitdə stress və depressiya kimi hallar ünsiyyətinizə mane olursa, məktubda belə maneələr yoxdur.
- Məktub yazdığınız tərəf yazdıqlarınızı bir və ya bir neçə dəfə oxumaq imkanına malikdir. Buna görə də, ifadə etmək istədiyiniz məsələnin qəbul olunmamaq ehtimalı çox azdır.
Təbii ki, məktub təkcə problemlərinizi ifadə edən bir vasitə olmamalıdır. Bəzən bu məktub romantik hisslərinizdən, bəzən də keçmiş xatirələrinizdən bəhs etməlidir. Digər tərəfdən, bu cür yazışmalar tərəflər arasındakı ünsiyyəti artırmaq üçün də çox vacibdir.
Əgər məktubda hər hansı probleminizdən bəhs etmisinizsə, ittihamedici cümlələrə yer verməməlisiniz. Təbii ki, tənqidedici cümlələr də məktubun “keyfiyyətini” aşağı salan əsas amillərdən biridir.
Unutmayın, məktubda ifadə etdikləriniz sizin problemlərinizdir. Buna görə də, nə olursa-olsun qarşı tərəfi ittiham etməməli və yaşadıqlarınızı və ya hiss etdiklərinizi sadə bir üslubla ifadə etməlisiniz.
Aygün Vəliyeva