Balığı at dəryaya...


İnsanlara qarşı xeyirxah davranışın mayasında təmənnasızlıq dayanır.
Bu təmənnasızlıq sözü əslində birmənalı anlaşılmamalıdır. Belə ki, insanın niyyəti elə onun təmənnası deməkdir. Bu mənada insan təmənnasız ola bilməz. Ancaq baxır kimdən və nəyi təmənna umursan...
Buna görə də, insana (və ya insanlara) qarşı təmənnasız olmağın yolu təmənnanın ancaq və ancaq Allahdan (c.c.) olmasıdır. Əslində, bütün mənəvi dəyərlərin də təməlində elə bu keyfiyyət dayanır.
İnsan etdiyi yaxşılığı unutmalı, gördüyü yaxşılığı isə yaddan çıxarmamalıdır. Hər kəs əmin olmalıdır ki, heç bir əməli boşa getmir. Bir zərrə yaxşılığın da əvəzi var, bir zərrə pisliyin də. Etdiyin yaxşılığı unutmaq onu bütöv gələcəyə, daha doğrusu gedəcəyin yerə göndərməkdir. Çünki bizim unutduğumuz yaxşılıqları Allah unutmaz.
Yaxşılığı üzə vurmaq isə qazandığını itirməkdir. Əgər bir insan, həqiqətən də, Allah rizası üçün çırpınırsa, bu məsələdə çox həssas olmalıdır. Ola bilsin ki, səndən yaxşılıq görən adam nə vaxtsa və ya hansı səbəbləsə, sənə pislik etsin, bu məqamda belə əsas məsələ təmkinli davranmaq, etdiyin yaxşılığı üzə vurmamaqdır.
Təbii ki, bunun da təməlində yenə başqa bir niyyət dayanır. Əgər sən birinə yaxşılığı Allah rizası üçün edirsənsə və sənin etdiklərin Allah rizasına uyğundursa, bu o deməkdir ki, kimin rizasını istəmisənsə, dərdini də ona deməlisən...
Qarşıdakı adam sənin yaxşılığını yerə vurdu, ona xəyanətlə cavab verdi, bunu başa düşürük, ancaq hər birimiz onu da başa düşməliyik ki, sənin niyyətin, sənin təmənnan insandan deyil, Allahdandırsa, Allah heç vaxt sənin əməlini əvəzsiz qoymaz.
Bütün bu dediklərimiz çox yüksək insani dəyərlərdir və insan bu yoldan keçərək, mənəvi yüksəkliyə çatmalıdır.
Folklorumuzda qızıla tutulmağa layiq çox gözəl bir söz var: “Sən yaxşılıq elə, balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər”. Elə düşünürük ki, bu qədər açıq və gözəl ifadə olunmuş bu sözün əlavə şərhə ehtiyacı yoxdur. Sadəcə olaraq, onu xatırlatmaq istəyirik ki, tərbiyə etmək istəyən əvvəlcə tərbiyə olmağa çalışsın. Çünki tərbiyə qulaqdan yox, gözdən alınanda daha təsirli olur.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top