
2026-cı ildə “Neuralink” tamamilə kor bir insanın görmə qabiliyyətini bərpa edəcək bir əməliyyat keçirə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask sosial şəbəkə hesabında məlumat verib.
Mask “Neuralink”in hesabında Kanadada (ABŞ-dən kənarda ilk əməliyyat) iki cərrahiyyə əməliyyatı edildiyinə dair yazıya cavab verib.
“Bu, texnologiyamızı bütün dünyada daha çox insan üçün əlçatan etmək yolunda mühüm addımdır”, - şirkət yazıb.
Mask “Neuralink”in məqsədinin tamamilə kor bir insanın görmə qabiliyyətini qismən bərpa etmək olduğunu vurğulayıb.
Xatırladaq ki, iyun ayında bildirilib ki, Çində ilk beyin-kompüter interfeysi əməliyyatı Şanxayda 13 il əvvəl elektrik cərəyanı vurduqdan sonra bütün əzalarını itirmiş 36 yaşlı xəstədə uğurla həyata keçirilib. Miniatür implant sayəsində kişi indi ağlı ilə kompüteri idarə edə bilir, şahmat və video oyunlar oynayır.