Xankəndidə 95 nəfərin çalışdığı 10 müəssisədə 1 286 kompüter var


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycandakı müəssisələrdə ümumilkdə 325 min 747 ədəd kompüter olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kompüterlərin 59,3%-i və ya 193 min 16 ədədi Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Qeyd edək ki, ölkədə kompüterdən istifadə edən müəssisələrin sayı 16 min 305 olub və bunların da 7 min 624-ü Bakıda yerləşir.
Məlumat üçün bildirək ki, ötən il ilk dəfə olaraq işğaldan azad olunan Xankəndi şəhəri ilə Ağdərə rayonlarındakı müəssisələr də kompüterlə təmin olunublar. Xankəndi şəhərindəki 10 müəssisədə 1 286 ədəd, Ağdərə rayonundakı 10 müəssisədə isə 11 ədəd kompüter olub. Xankəndidəki kompüterlərin 97,7%-nin (1 257 ədəd), Ağdərədəki kompüterlərin isə 63,3%-nin (7 ədəd) internetə çıxışı olub.
Açıqlanan rəsmi statistikada diqqət çəkən məqamlardan biri də odur ki, Xankəndi şəhərində 1 286 ədəd kompüter olduğu halda, kompüterdən istifadə edən işçilərin sayı cəmi 56 nəfər olub. Bu işçilərin isə 35-i kişi, 21-i qadın olub. Bundan başqa Xankəndidə internetə çıxışı olan 1 257 ədəd kompüter olduğu halda, bu kompüterlərdən cəmi 47 işçi istifadə edib.
Onu da bildirək ki, kompüterlərdən istifadə edən işçilər kompüteri olan müəssisələrdə çalışan bütün işçilərin 58,9%-nə bərabər olub. Xankəndi şəhərində 10 müəssisədə kompüterin olduğunu nəzərə alsaq, o zaman bu müəssisələrdə ümumilikdə 95 nəfər çalışıb.
Açıqlanan məlumatlardan belə görünür ki, Xankəndi şəhərində 95 nəfərin çalışdığı 10 müəssisədə hər işçiyə düşən kompüter sayı 13,5 olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top