
Gələn ildən Azərbaycanda pambığa görə verilən subsidiya artırılacaq.
Yeniavaz.com Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, müasir suvarma sistemləri ilə təmin olunan əkin sahələrində becərilən və tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 215 manat (1 kiloqrama 21,5 qəpik) subsidiya ödəniləcək.
Müasir suvarma sistemləri ilə təmin olunmayan əkin sahələrində becərilərək tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə fermerlər 200 manat (1 kiloqrama 20 qəpik) subsidiya alacaqlar.
Pambığa görə məhsul subsidiyası yalnız Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndlərinin əkin sahələrində becərilən pambığa görə veriləcək.
2026-cı ildə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilən məlumatlar və sənədlər əsasında hesablanan orta məhsuldarlığı 15 sent/ha və daha aşağı olan fermerlərə, habelə bir fermer üzrə orta məhsuldarlığın 60 sent/ha-dan yuxarı olan hissəsinə görə məhsul subsidiyası ödənilməyəcək.
Məlumat üçün qeyd edək ki, hazırda müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində becərilən pambığın hər kilorqamı üçün 21 qəpik, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrində becərilən pambığın hər kilorqamı üçün isə 19,5 qəpik subsidiya verilir.
Elnur Əli