
“Rusiya Ukrayna ərazisindəki istənilən hərbi kontingenti qanuni hədəf kimi qəbul edəcək”.
Yeniavaz.com TASS agetntliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında deyib.
“Ukraynadakı mümkün hərbi kontingentlərə gəlincə, bu, Ukraynanı NATO-ya cəlb etmək üçün əsas səbəblərdən biridir. Ona görə də, xüsusilə indi, hərbi əməliyyatlar zamanı orada hər hansı bir qoşun peyda olsa, onlar Rusiya üçün qanuni hədəf olacaq”, - Putin bildirib.
O, həmçinin, Ukrayna ilə uzunmüddətli sülh razılaşmaları əldə edildikdən sonra Qərb qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsinə ehtiyac qalmayacağını bildirib.
“Əgər uzunmüddətli sülhə aparan qərarlar qəbul olunsa, mən onların (Qərb qoşunlarının - red.) Ukrayna ərazisində mövcudluğunda sadəcə olaraq heç bir məna görmürəm”, - Putin qeyd edib.
Onun sözlərinə görə, hələlik heç kim Rusiya ilə təhlükəsizlik zəmanətlərini ciddi səviyyədə müzakirə etməyib.
“Bu zəmanətlər həm Rusiya, həm də Ukrayna üçün olmalıdır”, - Putin qeyd edib.
Rusiya Prezidenti Ukraynanın NATO-ya üzvlüyünün qəbuledilməz olduğunu da bildirib.
“Rusiya Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasından məmnun deyil”, - deyə o, əlavə edib.
Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulmaq istəyinə gəlincə isə Putin bunun Ukraynanın qanuni seçimi olduğunu bildirib.
“Ukrayna Aİ-yə daxil olmaq vəzifəsini qarşısına qoyub və indi də qoyur. Yenə deyirəm, bu, Ukraynanın qanuni seçimidir”, - Rusiya lideri qeyd edib.