
2025-ci ilin yay transfer pəncərəsində klublar növbəti rekorda imza atıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası (FİFA) məlumat yayıb.
Məlumata görə, yay transfer pəncərəsi iyunun 1-dən sentyabrın 2-dək açıq olub. Bu müddət ərzində kişilərin futbolunda 12 mindən bir qədər az beynəlxalq transfer həyata keçirilib ki, bu da yeni rekorddur.
FIFA-nın məlumatına görə, yay transfer pəncərəsində İngiltərə klubları 535 oyunçu almaqla dünyada bu göstəricidə birinci yerdə qərarlaşıblar.
İkinci və üçüncü yerləri müvafiq olaraq, Portuqaliya (479 oyunçu) və Braziliya (425 oyunçu) klubları tutublar.
Klubların transfer xərcləri isə 9,76 milyard dollara yüksəlib ki, bu da bütün dövrlər üçün ən yüksək göstərici olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə bu məbləğ 50%-dən çox artıb.
İngiltərə klubları yay transfer pəncərəsində 3 milyard dollardan çox pul xərcləyiblər ki, bu da milli federasiyalar arasında rekord göstəricidir.
Ümumi oyunçu xərclərinə görə Almaniya ikinci (980 milyon dolar), İtaliya isə üçüncü (950 milyon dollar) olub.
Qadın futbolunda isə 1100-dən çox transfer həyata keçirilib ki, bu da yeni rekorddur. Transfer xərcləri 12,3 milyon dollara çatıb ki, bu da 2024-cü illə müqayisədə 80% çoxdur. Ən çox oyunçu Almaniya, İngiltərə və ABŞ çempionatlarına keçib.