
Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə xərcləri 2024-cü ildə 19% artaraq, 343 milyard avroya çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Avropa Müdafiə Agentliyinin (EDA) illik hesabatında öz əksini tapıb.
”2024-cü ildə Aİ-27-nin ümumi müdafiə xərcləri 2023-cü illə müqayisədə 19% artaraq, 343 milyard avroya çatıb və Aİ-nin ÜDM-nin 1,9%-ni təşkil edib. İlkin məlumatlar göstərir ki, 2025-ci ildə üzv dövlətlərin müdafiə xərcləri NATO-nun ÜDM-in 2%-i hədəfini keçərək, 392 milyard avroya çata bilər”, - sənəddə qeyd edilib.
Sənəddə həmçinin qeyd edilib ki, proqnozlara görə, Aİ ölkələrinin müdafiə xərcləri 2025-ci ildə ÜDM-in 2,1%-ni təşkil edə bilər.
Agentlik ilk dəfə olaraq ittifaqda bu qədər xərcləmə səviyyəsini qeydə alıb. Hesabatda müdafiə sərmayələrində də əhəmiyyətli artım qeyd olunur. 2024-cü ildə onlar ilk dəfə 100 milyard avro həddini keçib. 2025-ci ildə isə bu rəqəmin 130 milyard avroya yaxınlaşacağı gözlənilir.
Müdafiə investisiyalarında artımın əsas hərəkətverici qüvvəsi müdafiə satınalmaları olub. Aİ ölkələri 2024-cü ildə bu məqsədlərə 88 milyard avro xərcləyib ki, bu da 2023-cü illə müqayisədə 39% çoxdur. Agentliyin qeyd etdiyi kimi, bu, Aİ-dəki müdafiə satınalmaları üçün rekord artım tempidir.