
Ötən il Azərbaycanda 102 min 310 uşaq doğulub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu uşaqların 29%-i və ya 29 min 672-si 29 yaşından yuxarı qadınlar tərəfindən doğulub.
Qeyd edək ki, 29 yaşından yuxarı qadınlar tərəfindən doğulan uşaqların sayı son illər sürətlə artır. Belə ki, 15 il əvvəl – 2010-cu ildə doğulan uşaqların 16,7%-i 29 yaşından yuxarı qadınlar tərəfindən dünyaya gətirilib. Bu göstərici 2015-ci ildə 18,2%, 2020-ci ildə isə 23,8% olub.
Müqayisə üçün onu da bildirək ki, ötən il doğulan uşaqların 9,8%-nin anası 15-19 yaşında, 32,4%-nin anası 20-24 yaşında, 28,8%-nin anası isə 25-29 yaşında olub.
10 il əvvəl – 2010-cu ildə doğulan uşaqların 12,7%-nin anası 15-19 yaşında, 42,6%-nin anası 20-24 yaşında, 28%-nin anası isə 25-29 yaşında olub.
Onu da qeyd edək ki, şəhər yerlərində bu göstərici daha böyük olub. Belə ki, 2010-cu ildə şəhərlərdə doğulan uşaqların 19,3%-nin anasının yaşı 29-dan yuxarı olubsa, 2024-cü ildə doğulan uşaqların 35,6%-nin anasının yaşı 29-dan yuxarı olub.
Elnur Əli