Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif


Son zamanlar mediada və sosial şəbəkələrdə Bakıda ictimai nəqliyyatda gediş haqlarının dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır.
Yeniavaz.com
xəbər verir ki, müzakirələr zamanı bir çox insan hazırda tətbiq olunan sabit tarif sisteminin dəyişdirilməsini təklif edir.
Qeyd edək ki, hazırda metro və avtobuslarda sabit tarif tətbiq olunur. Sərnişinlər ictimai nəqliyyatdan çox, ya da az istifadə etməsindən asılı olmayaraq 50 qəpik gedişhaqqı ödəyirlər.
Onu da bildirək ki, hazırda dünyanın əksər ölkələrində, o cümlədən də region ölkələrində ictimai nəqliyyatda diferensial tariflər tətbiq olunur. Sabit tarifdən fərqli olaraq diferensial tariflərdə sərnişinlər gediş sayına görə fərqli ödənişlər edirlər.
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, hazırkı 50 qəpiklik sabit gedişhaqqı sadə olsa da, həm sərnişinlərin, həm də daşıyıcı şirkətlərin maraqlarına tam cavab vermir:
“Diferensial tarif isə həm səmərəli olması, həm də ədalətli ödəniş prinsipi baxımından daha uyğun görünür. Əgər diferensial tarifə keçmək qərarı verilərsə, birdəfəlik gedişhaqqını 1 manata qaldırmaq olar. Əvəzində aylıq, illik kartlar, həmçinin tələbə və şagirdlər üçün güzəştli tariflər müəyyən etmək mümkündür. Məsələn, ayda 120 gedişə imkan verən kartı 48 manata təklif etmək olar. Belə olarsa, bir gedişin qiyməti 40 qəpik olacaq. Yaxud ildə 1 100 gedişə imkan verən kartı 330 manata təklif etmək olar ki, bu zaman hər gediş 30 qəpiyə bərabər olacaq. Tələbə və şagirdlər üçün isə ildə 800 gedişə imkan verən karta təxminən 200 manat qiymət təyin etmək olar. Bu zaman bir gedişin qiyməti təxminən 25 qəpik olacaq. Belə olarsa, aylıq kartla gündə 4 dəfə, illik kartla isə gündə 3 dəfə ictimai nəqliyyatdan istifadə etmək olar. Tələbə və şagirdlər isə 9 ay ərzində 25 qəpiklik gedişhaqqı ilə gündə 3 dəfə avtobus və metroya minə bilərlər”.

Allahverdi Aydın

Ekspert bildirir ki, son rəsmi açıqlamalar Bakıda ictimai nəqliyyatdan il ərzində 1,1 milyard sərnişinin istifadə etdiyini göstərir:
“Mövcud sabit tariflərlə hesablayanda, bu, daşıyıcı şirkətlər üçün təxminən 550 milyon manat illik gəlir deməkdir. Sərnişinlərin təxminən 60 faizinin ictimai nəqliyyatdan gündəlik istifadə etdiyini nəzərə alsaq, onlar əsasən aylıq və illik kartlara üstünlük verəcək. Nəticədə onlar daha ucuz qiymətə gediş imkanı əldə edəcəklər. Məsələn, bir vətəndaş hazırda gündə 4 dəfə avtobus və metroya minirsə, 50 qəpiklik tariflə ayda 60 manat ödəyir. Yeni sistemdə isə 48 manat ödəyəcək və ildə 144 manat qənaət etmiş olacaq. Digər tərəfdən, ictimai nəqliyyatdan vaxtaşırı istifadə edən vətəndaşlar əsasən birdəfəlik ödəniş edəcək. Onlar üçün qiymət 50 qəpikdən 1 manata qalxacaq. Əgər kimsə ayda cəmi 10 dəfə minirsə, indiki halda 5 manat ödəyir, amma yeni sistemdə bu, 10 manat olacaq”.
Allahverdi Aydın bildirir ki, diferensial tarifə keçilərsə, daşıyıcı şirkətlərin də ümumi gəliri artacaq:
“Çünki vaxtaşırı istifadə edən sərnişinlər əvvəlkindən iki dəfə çox ödəyəcəklər. Gündəlik istifadəçilər isə ucuzlaşmadan faydalansa da, onların sabit müştəri olması şirkətlər üçün sabit gəlirlər deməkdir. Diferensial tarif tətbiq olunarsa, daşıyıcı şirkətlərin illik gəlirləri təxminən 650 milyon manata çata bilər. Bu, indiki 550 milyon manatdan ən azı 100 milyon manat çoxdur”.
Ekspert onu da əlavə etdi ki, diferensial tarif sistemi ədalət prinsipinə daha uyğundur:
“Kim bir xidmətdən daha çox istifadə edirsə, o, bu xidməti daha ucuz qiymətə əldə etməlidir. Kim az istifadə edirsə, o, daha çox ödəməlidir. Bu, dünyada tətbiq olunan diferensial nəqliyyat tariflərinin əsas məntiqidir”.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top