
“Mən qrammatikanı yaxşı bilirəm, amma danışa bilmirəm”. Bu, Azərbaycanda ingilis dilini öyrənmək istəyənlərin ən çox işlətdiyi cümlədir desək, yəqin ki, yanılmarıq. İngilis dilini öyrənmək istəyən insanların bir çoxu illərlə qaydaları əzbərləyir, cədvəllər hazırlayır, amma bir ingilisdilli ilə üz-üzə gələndə birdən-birə bütün bildiklərini unudur. Sanki həmin insanlar üçün ingilis dili sadəcə bir dil deyil, “mən öyrənəcəm, amma danışmayacam” fəlsəfəsidir. İllərlə hazırlığa gedirlər, pul xərcləyirlər, kitablar alırlar, müəllimlər dəyişirlər, amma nəticə?.. Nəticə dəyişmir – “Mən qrammatikanı yaxşı bilirəm, amma danışa bilmirəm”.
Gəlin görək, bu insanlar harada səhv edir və əslində ingilis dili necə öyrənilməlidir?
- Azərbaycanda dil öyrənmək istəyənlər əksər hallarda bütün qaydaları əzbər öyrənirlər. “Past Perfect Continuous” haqqında mühazirə də oxuya bilirlər. Amma “How are you?” sualına cavab verməyə gələndə... 3 dəqiqəlik sükut. Sonra klassik cavab: “Fine, thanks, and you?” və danışıq qurtardı.
- Bir kursa yazılır, 2 ay gedir, sonra deyirlər: “Müəllim yaxşıdır, amma danışdırmır”. Başqa kursa keçirlər: “Danışdırır, amma qrammatikanı öyrətmir”. Axırda nə olur? – Kurslarda içilən kofeni, müəllimlərin gülər üzünü, bir də “tələbə endirimi”ni yaxşı tanıyırlar. Dil isə hələ də qapı arxasında qalıb.
- Bəzi insanlar var ki, söz dəftəri ilə yaşayırlar. Hər gün 20 yeni söz əzbərləyir, amma heç vaxt cümlədə işlətmirlər. Bir gün soruşursan: “Yesterday” nə etdin?”, cavab verir: “Yesterday... perseverance, sustainability, agriculture...”. Sözlər var, amma məna yoxdur.
- Seriallarla dil öyrənmək yaxşıdır, amma çox vaxt nəticə belə olur: serialı başa düşür, amma danışmaq lazım olanda, ağzından ya türkçə, ya da rusca söz çıxır. Ən pisi də odur ki, “Game of Thrones” terminlərini əzbərləyir, amma hava limanında “bilet hardadır?” sözünü ingilis dilində deməyə söz tapmırlar.
- Bəzilər düşünürlər ki, qrammatikaya ehtiyac yoxdur, oturub danışmaq kifayətdir. Sonra ingilis müəllim soruşur: “Where have you been?”, cavab gəlir: “I go park, yesterday, with my friend, eat kebab”.
- Dərslikdən qaçanların sevimli yeri “YouTube”dir. Orada hər şey var: dərslər, izahlar, praktikalar... Amma əslində 10 dəqiqədən sonra “Ağ Evdə gizli otaqlar” videosuna keçir, səhərə kimi baxır. Bəs, ingilis dili? – sabaha qaldı.
Bəs əslində necə öyrənməliyik?
Əslində, ingilis dili öyrənməyin sirri çox sadədir. Nə möcüzə kurs var, nə də sehrli proqram. İşin açarı – davamlılıq və balansdır. Qrammatikanı öyrənməlisən, amma danışmadan olmaz. Sözləri əzbərləməlisən, amma onları işlətməsən, unudulacaq. Danışmaqdan utanmamalısan, səhv et, qarışdır, amma danış.
İngilis dili “bir ayda öyrənim” layihəsi deyil, bir prosesdir. Əgər hər gün 20 dəqiqə belə çalışsan, 1 ildən sonra artıq “başa düşürəm, amma danışa bilmirəm” cümləsini deməyəcəksən. Əksinə deyəcəksən: “Danışıram, amma hələ də bir az səhvlə”. Səhv danışmaq – heç danışmamaqdan qat-qat yaxşıdır.
Murad Məmmədov