
İsrail hakimiyyəti hələ də vasitəçilərin Qəzza zolağında atəşkəs tətbiq etmək təklifinə rəsmi cavab verməyib və razılaşmanı təxirə salmaq üçün taktiki addımlar atır.
Yeniavaz.com xəbər verir ki, bunu Qətər baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.
“Təklif təqdim edildi. Bu təklif israillilərin bir neçə həftə əvvəl irəli sürdüyü tələblərə 98% uyğundur. İndi cavab verməyənlər onlardır. Ona görə də bütün məsuliyyət vasitəçilərin irəli sürdüyü və HƏMAS-ın təsdiqlədiyi rəsmi təklifə cavab verməyən İsrail tərəfinin üzərinə düşür”, - o, jurnalistlərə bildirib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü İsrailin danışıqların keçiriləcəyi yeri dəyişmək potensialına dair suala cavabında deyib ki, bunlar taktiki manevrlər, razılaşmanı ləngitmək cəhdləridir:
“Beynəlxalq ictimaiyyətin axmaq olduğunu düşünmürəm. Bilirsiniz, biz bu manevrlərin nə demək olduğunu anlayırıq”.