
İran Məsləhət Şurasının üzvü, eks-prezident Məhəmməd Hatəminin müşaviri Məhəmməd Sədr iddia edib ki, Rusiya son müharibə zamanı İsrailə kəşfiyyat məlumatları təqdim etməklə İranın hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılmasına kömək edib.
Yeniavaz.com xəbər verir ki, Məhəmməd Sədr bu barədə “BBC Farsca”ya müsahibəsində bildirib.
Sədr qeyd edib ki, İsrailin İran mövqelərinə dəqiq zərbələr endirməsi təsadüfi ola bilməzdi və Moskva Tehrana dəstək verməkdən imtina edib.
Onun sözlərinə görə, 12 gün davam edən qarşıdurma ərzində İranın hava hücumundan müdafiə şəbəkəsi demək olar ki, tamamilə dağıdılıb.
Keçmiş müşavir həmçinin vurğulayıb ki, Rusiya İranla strateji tərəfdaşlıqla bağlı bəyanatlara baxmayaraq, əks mövqe nümayiş etdirib.
“Rusiya S-400 sistemini NATO üzvü olan Türkiyəyə satıb, İrana yox. Hətta “Su-35” qırıcıları ilə bağlı elan edilən müqavilə də indiyədək reallaşmayıb”, – deyə Sədr qeyd edib.
O, əlavə edib ki, Prezident İbrahim Rəisinin həlak olduğu helikopter qəzası da İsrailin əməliyyatı idi və bu hadisə Tehrana “İran davam edərsə, biz də davam edəcəyik” mesajını çatdırmaq məqsədi daşıyırdı.
Qeyd edək ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahı daha əvvəl Rəisi və digər rəsmilərin ölümü ilə nəticələnən qəzanın təxribat nəticəsində baş verməsi iddialarını rədd edib.