
Son 24 saatda Qəzza zolağındakı xəstəxanalara 64 meyit və 278 yaralı gətirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail ordusunun Qəzzada 19 yanvarda əldə olunmuş atəşkəsi pozaraq 18 martdan bəri həyata keçirdiyi hücumlarda 10 min 842 fələstinli həyatını itirib, 45 min 910 nəfər yaralanıb.
“Qəzzada son 24 saatda insani yardım üçün gözləyənlərin hədəf alındığı hücumlarda 19 fələstinli ölüb, 123 nəfər yaralanıb. Beləliklə, Qəzzada 27 maydan bəri İsrail və ABŞ-nin birlikdə yaratdığı “Qəzza Humanitar Yardım Fondu” tərəfindən qurulan yardım paylama məntəqələrində fələstinlilərin hədəf alındığı sistematik hücumlarda öldürülənlərin sayı 2 min 95-ə, yaralananların sayı isə 15 min 431-ə çatıb”, - Nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, İsrailin Qəzza zolağına 7 oktyabr 2023-dən bəri həyata keçirdiyi hücumlarda həyatını itirənlərin ümumi sayı 62 min 686-ya, yaralıların sayının isə 157 min 951-ə yüksəlib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə meyitin olduğu bildirilir.
Həmçinin son 24 saatda anklavda daha 8 fələstinli aclıqdan ölüb. 7 oktyabrdan bəri aclıq səbəbilə ölən qəzzalıların sayı 115-i uşaq olmaqla 289-a çatıb.