Səhər içilən qəhvə insanı daha xoşbəxt edir


Almaniyanın Bielefeld Universiteti və Böyük Britaniyanın Uorvik Universiteti alimlərinin apardığı araşdırmaya görə, qəhvə və digər kofeinli içkilər səhərlər insanın əhvalını yaxşılaşdırır və enerjini artırır.
Yeniavaz.com
xəbər verir ki, nəticələr “Scientific Reports” jurnalında dərc olunub.
Tədqiqatda 18–29 yaş arası 236 gənc iştirak edib. Onlar iki-dörd həftə ərzində mobil telefon vasitəsilə gündə yeddi dəfə anket dolduraraq həm əhval-ruhiyyələrini, həm də son bir saat yarım ərzində kofein qəbul edib-etmədiklərini qeyd ediblər.
Nəticələr göstərib ki, kofein istehlakı:
- Müsbət emosiyaları artırır, insanı daha ayıq və enerjili edir;
- Kədər və qəzəb kimi mənfi emosiyaların qarşısını alır, lakin bu təsir nisbətən zəifdir;
- Ən güclü təsir isə oyandıqdan sonrakı ilk iki saat yarımda, yəni səhərlər müşahidə olunur.
Bielefeld Universitetinin Psixologiya və İdman Elmləri Departamentindən Castin Hachenberger bildirib: “Biz gözləyirdik ki, narahatlığı və yuxu problemləri olan insanlarda kofein fərqli təsir göstərəcək. Amma nəticədə, müxtəlif qruplar arasında ciddi fərq tapmadıq”.
Alimlər hesab edirlər ki, qəhvə yalnız koqnitiv funksiyaları yaxşılaşdırmır, həm də gündəlik həyatda emosional vəziyyətin tənzimlənməsində mühüm rol oynaya bilər. Bundan əvvəl aparılan araşdırmalar qəhvənin xroniki qaraciyər xəstəliklərinin inkişafını ləngitdiyini də göstərib.

DİGƏR XƏBƏRLƏR

Top