
Azərbaycanın bu ilin yanvar–iyul ayları üzrə əsas ticarət tərəfdaşları açıqlanıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkənin xarici ticarət dövriyyəsi 28,8 milyard dollar təşkil edib. Bunun 15,2 milyard dolları ixracın, 13,6 milyard dolları isə idxalın payına düşüb.
Ümumi ticarət dövriyyəsinə görə Azərbaycanın ən böyük ticarət tərəfdaşı İtaliya olub. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 7,5 milyard dollar təşkil edib və ümumi göstəricinin 26 faizinə bərabərdir. İkinci yerdə Türkiyə qərarlaşıb – 3,38 milyard dollar (11,7 faiz). Rusiya ilə ticarət dövriyyəsi 3,06 milyard dollar olub ki, bu da 10,6 faiz deməkdir. Çin isə 2,5 milyard dollarlıq göstərici ilə dördüncü yeri tutub. İlk beşlikdə Almaniya da yer alıb – 888,6 milyon dollar.
Ümumi dövriyyədə Böyük Britaniya 886,2 milyon, ABŞ 760,6 milyon, Çexiya 593,2 milyon, Qazaxıstan 517,1 milyon və Gürcüstan 464,8 milyon dollarlıq göstəricilərlə təmsil olunublar. Digər ölkələrlə ticarət isə 8,27 milyard dollara bərabər olub.
İxrac göstəricilərinə görə, İtaliya Azərbaycanın mütləq əsas tərəfdaşıdır. Bu ölkəyə 7,19 milyard dollarlıq məhsul göndərilib və ümumi ixracın 47,2 faizini təşkil edib. Türkiyəyə ixrac 2 milyard dollar (13,2 faiz), Rusiyaya isə 721 milyon dollar (4,7 faiz) olub. İlk beşlikdə Çexiya (548,3 milyon dollar) və Xorvatiya (451 milyon dollar) da var.
Azərbaycan məhsullarının əsas alıcıları sırasında Bolqarıstan (449 milyon), Yunanıstan (410 milyon), Rumıniya və Portuqaliya (hər biri 385 milyon), eləcə də Gürcüstan (382 milyon) yer alıb. Digər ölkələrə ixracın ümumi dəyəri 2,29 milyard dollar təşkil edib.
Idxal göstəricilərinə gəlincə, Azərbaycanın əsas tərəfdaşı Çin olub. Bu ölkədən 2,44 milyard dollarlıq məhsul idxal olunub ki, bu da ümumi idxalın 18 faizə yaxınıdır. İkinci sırada Rusiya gəlir – 2,34 milyard dollar (17,2 faiz). Türkiyədən idxalın dəyəri 1,37 milyard dollar olub.
ABŞ-dən idxal 718 milyon dollar, Böyük Britaniyadan 670 milyon dollar, Almaniyadan isə 512 milyon dollar təşkil edib. Qazaxıstan 457 milyon, Avstraliya 371 milyon, İran 346 milyon və İtaliya 303 milyon dollarlıq göstəricilərlə ilk onluqda yer alıb. Digər ölkələrdən idxalın dəyəri 4,06 milyard dollara çatıb.
Elnur Əli