
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, xüsusilə ağır cinayətlərdə ittiham olunan üç Türkiyə vətəndaşı Rusiyadan ekstradisiya edilərək öz ölkələrinə göndərilib.
Yeniavaz.com xəbər verir ki, axtarışda olan şəxslər Soçidə Rusiya DİN-in İnterpol Milli Mərkəzi Bürosu, FSB və Krasnodar diyarı üzrə Baş İdarənin əməkdaşları tərəfindən Milli Qvardiyanın iştirakı ilə saxlanılıb. Onlar bu gün Soçi hava limanında Türkiyə hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib.
Ekstradisiya edilənlərdən biri Türkiyənin ən böyük mütəşəkkil cinayət qruplarından birinin lideridir. Onun narkotik və silah alveri, sağlamlığa ağır zərər vurma və əmlaka ziyan yetirmə kimi cinayətlərdə iştirak etdiyi bildirilir.
Digər şəxs bu ilin fevralından adam öldürmə və qəsdən adam öldürməyə cəhd ittihamı ilə axtarılırdı. O, şərikləri ilə birlikdə İstanbuldakı kafelərdən birində silahlı basqın törədib. Hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər, o cümlədən təsadüfi ziyarətçilər yaralanıb.
Üçüncü cinayətkar isə qəsdən adam öldürmədə günahlandırılır. O, miqrantların qeyri-qanuni daşınması ilə məşğul olan qruplaşmanın üzvü olub. Qrup Türkiyədən çıxmaq istəyən 15 nəfəri kiçik qayığa mindirib, nəticədə onlardan 10-u, o cümlədən uşaqlar həyatını itirib.
Murad Məmmədov