
Yaponiyanın “Sony” korporasiyası avqustun 21-dən etibarən ABŞ bazarında “PlayStation 5” oyun konsolu üçün tövsiyə olunan qiymətlərin artdığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda yayılan açıqlamada qeyd olunub.
“Bir çox qlobal şirkətlər kimi, biz də çətin iqtisadi şəraitdə fəaliyyətimizi davam etdiririk. Nəticədə, ABŞ-də “PlayStation 5” konsollarının təklif olunan pərakəndə satış qiymətini artırmaq üçün çətin qərar verdik”, - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, “PlayStation 5” 500 dollardan 550 dollara yüksələcək, “PS52 rəqəmsal versiya 500 dollar olaraq qalacaq, “PS5 Pro” isə 750 dollar olacaq.
Qeyd edilib ki, ABŞ bazarında “PS5” aksesuarlarının qiymətləri dəyişməz qalır. Həmçinin “Sony” digər ölkələrdə heç bir qiymət dəyişikliyi etməyəcəyini açıqlayıb.