“Taliban”ın nazirləri artıq daimi səlahiyyətlərə sahib olacaqlar


Əfqanıstanda “Taliban”ın lideri Heybətullah Axundzadə fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, sənədə əsasən, hökumət üzvlərinə artıq “icraçı nazir” statusu verilməyəcək, onlar daimi nazir səlahiyyətlərinə sahib olacaqlar.
Bu addım Taliban hakimiyyətinin rəsmi olaraq möhkəmləndirilməsi kimi qiymətləndirilir.
Qərar Kabilin 2021-ci ilin 15 avqustunda Talibanın əlinə keçməsinin dördüncü ildönümündə qəbul edilib.
Xarici KİV-in məlumatına görə, hakimiyyətə gələndən sonra Taliban ölkədə şəriət qanunvericiliyinin sərt modelini tətbiq edib. Xüsusilə, qadınların və qızların təhsil, əmək fəaliyyəti və ictimai həyata qatılma hüquqları ciddi şəkildə məhdudlaşdırılıb.
Onlara:
bir çox bölgələrdə işləmək;
ictimai yerlərə daxil olmaq;
altıncı sinifdən sonra təhsil almaq qadağan olunub.


BMT və insan haqları təşkilatları mütəmadi olaraq Talibanı qadınlara qarşı ayrı-seçkilik siyasətinə görə tənqid edir.
ABŞ-nin Əfqanıstanın yenidənqurulması üzrə Xüsusi Baş Müfəttişinin hesabatına görə, Taliban rəsmiləri beynəlxalq humanitar yardımların bölgüsünü zorla nəzarətdə saxlayır, onları əsasən puştunların yaşadığı regionlara yönləndirir və BMT təchizatçılarından rüşvət tələb edirlər.
BMT bildirir ki, hazırda 23 milyondan çox əfqan insana yardım lazımdır, lakin hökumətin müdaxiləsi yardımların çatdırılmasını çətinləşdirir. Beynəlxalq təşkilatlar isə şəffaflıq təmin etmək və ehtiyaclılara dəstək vermək yollarını axtarmaqda davam edirlər.

DİGƏR XƏBƏRLƏR

Top