Karapetyanın həbs müddəti uzadıldı


Ermənistanda məşhur iş adamı, “Taşir” Qrupunun sahibi Samvel Karapetyanın həbs müddəti 2 ay uzadılıb.
Yeniavaz.com
“News.am”a istinadla xəbər verir ki, bu barədə Karapetyanın vəkillər qrupu məlumat yayıb.
Bildirilir ki, qərarı Antikorrupsiya Məhkəməsinin hakimi Tiqran Davtyan çıxarıb.
Karapetyanın vəkilinin sözlərinə görə, məhkəmə birinci ittiham üzrə əsaslı şübhənin mövcud olduğunu, lakin ona qarşı irəli sürülmüş digər ittihamlarda əsaslı şübhənin olmadığını müəyyən edib.
Müdafiə tərəfi sabah Ermənistan Apellyasiya Məhkəməsinə xüsusi baxış üçün şikayət təqdim edəcək.
Xatırladaq ki, Samvel Karapetyan iyunun 18-də 2 aylıq müddətə həbs olunub. O, hakimiyyəti ələ keçirməyə, konstitusiya quruluşunu zorla devirməyə açıq çağırış etməkdə ittiham olunur. Karapetyan ittihamı qəbul etmir, müdafiə tərəfi onun barəsində irəli sürülən ittihamın əsassız olduğunu bildirir.
“Kiçik bir qrup, Ermənistan tarixini, erməni kilsəsinin min illik tarixini unudaraq, erməni kilsəsinə, erməni xalqına hücum edib. Mən hər zaman erməni kilsəsinin və erməni xalqının yanında olmuşam və birbaşa iştirak edəcəyəm. Əgər siyasətçilər buna nail ola bilməsələr, biz də öz yolumuzla iştirak edəcəyik”, - Karapetyan həbs olunmamışdan əvvəl verdiyi müsahibədə bildirmişdi.
Qeyd edək ki, məşhur “Forbes” nəşrinin siyahısına əsasən hazırda Samvel Karapetyanın 4 milyard dollar sərvəti var.
“Forbes”ə görə Karapetyan Rusiya vətəndaşı Albert Avdolyandan sonra bütün dünyada ən zəngin erməni əsilli şəxs hesab edilir.
1965 ci ilin avqustunda Ermənistan SSR-in Taşir (əvvəl Kalinino) şəhərində doğulan Karapetyan, Yerevan Politexnik İnstitutunu bitirdikdən sonra 1990-cı illərdə Rusiyaya köçərək Kaluqa şəhərində “Gazprom”a xidmət edən logistika şirkətinə rəhbərlik etməyə başlayıb.
1999-cu ildə “Taşir Group”u yaradıb. Bu holdinqə bağlı 200-dən çox şirkət fəaliyyət göstərir və işçilərinin ümumi sayı 30 mindən çoxdur.
Samvel Karapetyanın Rusiyadakı əsas biznes sahələri aşağıdakılardır:
- Ticarət mərkəzləri: “RIO” brendi altında 16 ticarət kompleksi, 1,1 milyon m² ticarət sahəsi;
- Ofis və anbar sahələri, təxminən 98 000 m² ofis, 48 000 m² anbar;
- 8 otel, o cümlədən məşhur “Novotel Moscow City” və “Ararat Park Hotel Moscow”otelləri;
- Moskva və regionlarda çoxsaylı yaşayış, ofis layihələri inşa edib.


Eyni zamanda, Karapetyan Moskvada uzunmüddətli müqavilələr imzalayıb və mərkəzi küçələrin işıqlandırılmasını həyata keçirib.
Karapetyanın İrəvanda iki böyük ticarət mərkəzi var. Ermənistanın Elektrik Şəbəkələri şirkəti (“Electric Networks of Armenia”) ilə Hrazdan Termik Elektrik Stansiyasının səhmlərini də alıb.
O, həmçinin Moskvadakı “Ararat” futbol klubunu dəstəkləyir və erməni iş adamlarından ibarət “Association of Armenian Entrepreneurs” təşkilatına rəhbərlik edir. Qardaşı Karen Karapetyan isə Ermənistanın tanınmış siyasətçilərindən biridir.
Onu da qeyd edək ki, Azərbaycan Prokurorluğu 2021 ci ildə Karapetyan barəsində Cinayət Məcəlləsinin 5 maddəsi (100.1,  218.1,  228.3,  279.1 və 206.4-cü) ilə cinayət işi açıb və o, beynəlxalq axtarışa verilib.
Karapetyan eyni zamanada Rusiya Prezidenti Vladimir Putinə yaxın olan iş adamı kimi ABŞ-nin sanksiya siyahısına salınıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top