
İtaliyalı qapıçı Canluici Donnarumma Fransanın “Pari Sen Jermen” (PSJ) futbol klubunu tərk edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə özünün “İnstaqram” səhifəsində məlumat verib.
“Əziz PSJ azarkeşləri, kluba qoşulduğum ilk gündən öz yerimi qazanmaq və klubun qapısını qorumaq üçün meydanda və meydandan kənarda bütün gücümü sərf etmişəm. Təəssüf ki, kimsə qərar verdi ki, mən artıq klubun bir parçası ola bilməyəcəyəm və onun uğuruna töhfə verə bilməyəcəyəm.
Bu qərar məni məyus edir və kədərləndirir. Komanda yoldaşlarıma - ikinci ailəmə, oynadığımız hər oyuna və bölüşdüyümüz hər ana görə təşəkkür edirəm. Siz həmişə mənim qardaşlarım olaraq qalacaqsınız, bu klubda oynamaq mənim üçün böyük şərəf idi”, - Donnarumma yazıb.
Digər tərəfdən, Donnarumma İngiltərənin "Mançester Siti" klubuna keçidlə bağlı razılığa gəlib. Bu barədə Fransanın “L'Equipe” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, italiyalı “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə danışıqlar aparıb və müqavilə imzalamağa razılaşıb.
Qəzetin məlumatına görə, Fransa nəhəngi 26 yaşlı qolkiper üçün 40 milyon avrodan az pul tələb edəcək.
Qeyd edək ki, Donnarummanın 26 yaşı var. O, 2021-ci ildən PSJ-də çıxış edir. İtaliyalı qapıçı komanda ilə dörd dəfə Fransa çempionatının, iki dəfə ölkə kubokunun qalibi olub. Ötən mövsüm isə italyan parislilərlə Çempionlar Liqasında qələbə qazanıb. O, İtaliya millisinin heyətində 2021-ci ildə Avropa çempionu olub.
2024/25 mövsümündə Donnarumma PSJ-də 47 oyun keçirib. Təcrübəli qapıçı 17 oyunda qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun transfer qiyməti 40 milyon avrodur.