Rusiya və ya İran “Tramp dəhlizi”ni bloklamağa çalışsa, ABŞ nə edəcək?


“Rusiya və İran bu sülh planını dəstəkləmədiklərini göstərən bəyanatlar veriblər və hətta bəzi iranlı rəsmilər “Tramp dəhlizi”ni, “Tramp marşrutu”nu dayandırmağa çalışacaqlarını bildiriblər. Əgər Rusiya və ya İran bu yeni sülh marşrutunu bloklamağa və ya sabotaj etməyə cəhd edərsə, ABŞ nə edəcək?
Yeniavaz.com
xəbər verir ki, bu sualı ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryusa keçirdiyi brifinqdə azərbaycanlı jurnalist Əhməd Şahidov ünvanlayıb.
Dövlət Departamentinin sözçüsü bu sualı belə cavablandırıb:
“Atacağımız və ya atmayacağımız addımlar barədə spekulyasiya etmək fikrində deyiləm. Dünya Prezident Trampı ciddi qəbul etməli olduğunu bilir. Bu razılaşma, bu saziş onun üçün əhəmiyyətlidir. Onlar Ağ Evdə idilər. Bu, bizim administrasiya üçün vacibdir. Bu, dünya üçün də vacibdir. Bəlkə də bəzi insanlar bilmirlər, çünki bu barədə kifayət qədər məlumat verilmir, amma bu iki qonşu onilliklərdir münaqişə içindədirlər. Məncə, artıq 35 ildən çoxdur ki, saysız-hesabsız insan həyatını itirib və nəsillər bu münaqişədən zərər çəkib.
Çoxları sülh üçün cəhd edib – avropalılar, fransızlar, Putin, hətta Bayden də. Amma yalnız Prezident Tramp bu iki ölkəni bir araya gətirib bu tarixi sülhə razı sala bildi. Məncə, dünya bilir ki, o, münaqişələrin və ya düşmənçiliklərin nə qədər uzun sürdüyündən asılı olmayaraq ölkələr arasında uzunmüddətli, davamlı sülhə sadiqdir. Və bu sadiqlik, gördüyümüz kimi, reallığa əsaslanan diplomatiyadır. O, ABŞ Prezidenti olaraq müharibələri dayandırmaq üçün lazım olan hər şeyi edəcək”.
Xatırladaq ki, avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan və Amerika Birləşmiş Ştatlarının prezidentləri, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətni paraflanıb.

DİGƏR XƏBƏRLƏR

Top