“Sea Breeze” Ağdam və Füzulidə 2 kəndin tikintisi üçün 112 milyon manat alacaq


Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tender müsabiqəsi keçirmədən “See Breeze Construction” MMC (VÖEN – 1805867851) ilə 2 satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilələrin ümumi dəyəri 111 milyon 931 min 757 manat 16 qəpik təşkil edir.
Müqavilənin şərtlərinə görə, “See Breeze Construction” MMC Ağdam rayonunun Eyvazxanbəyli kəndi üzrə fərdi yaşayış evlərinin, mühəndis kommunikasiya sistemlərinin (yaşayış evləri üzrə) tikinti-quraşdırma işlərini həyata keçirəcək və qarşılığında 61 milyon 733 min 252 manat 89 qəpik alacaq.
Bundan başqa, şirkət Füzuli rayonunun Pirəhmədli kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri yaşayış obyektlərinin (uşaq bağçası, tibb məntəqəsi, məktəb, qazanxana və nasosxana, dizel generatoru və köməkçi tikililər), mühəndis kommunikasiya sistemləri (yaşayış evləri və obyektlər üzrə), abadlaşdırma, yaşıllaşdırma, hasar və yolların (yaşayış evləri və obyektlər üzrə) tikinti-quraşdırma işlərini həyata keçirəcək və qarşılığında 50 milyon 198 min 505 manat 27 qəpik alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 45 manat olan “See Breeze Construction” MMC 26 may 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nardaran ŞTQ, Nardaran-Ləhiş yolu, ev 32A, m. 300 M SAĞ”da yerləşən MMC-nin qanuni təmsilçisi Rzayev Elbəy Azər oğludur. Şirkət dövlət qeydiyyatına alınan zaman adı “Sea Breeze Desıgn” MMC olub.
Məlumat üçün qeyd edək ki, hazırda Nardaran qəsəbəsində və “Ləhiş bağları” deyilən ərazidə Azərbaycanın Xalq artisti və iş adamı Emin Ağalarova məxsus “Sea Breeze” adlı istirahət mərkəzi və yaşayış kompleksi yerləşir.
Onu da bildirək ki, 112 milyon manatlıq satınalma müqavilələri imzalayan “See Breeze Construction” MMC-nin hazırda dövlət büdcəsinə 565 min 736 manat 29 qəpik vergi borcu var.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin dövlət satınalmalarında iştirakına yol verilmir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti satınalma prosedurunu dövlət satınalmalarının vahid internet portalında keçirmədiyi üçün müqavilələrin hansı tarixdə imzalandığı bilinmir. Lakin, qeyd edək ki, müqavilədə nəzərdə tutulan işlərin icrasına 6 avqust 2025-ci il tarixindən başlanıldığı bildirilir. Açıqlanan məlumatlardan belə görünür ki, satınalma prosesi başlayan zaman “See Breeze Construction” MMC-nin vergi borcu olmayıbsa, o zaman 565,7 min manatlıq borc qısa müddət ərzində yaranıb.
Eyni zamanda qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
 - Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, Eyvazxanbəyli və Pirəhmədli kəndlərində fərdi yaşayış evlərinin tikitisi məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top