
Yeni elmi tədqiqatın nəticələrinə görə, gündə 7 min addım atmaq, demensiya, xərçəng və bir sıra digər xəstəliklərin inkişaf riskini azaltmaq üçün kifayət edə bilər.
Yeniavaz.com xəbər verir ki, “Lancet Public Health” elmi jurnalında dərc edilmiş araşdırmaya görə, bu, geniş yayılmış gündəlik 10 min addım məqsədindən daha real hədəf hesab olunur.
Qeyd olunub ki, araşdırma 2014–2025-ci illər arasında addımlar və sağlamlıq arasındakı əlaqə mövzusunda dərc olunmuş tədqiqatların sistemli icmalı və meta-təhlilidir.
Əvvəlki araşdırmalar əsasən ürək sağlamlığı və ölüm halları üzərində cəmləşsə də, bu dəfə alimlər addımların sayının müxtəlif xəstəliklərin riskinə təsirini öyrənməyə çalışıblar.
160 mindən çox insanın məlumatları təhlil edilib və nəticələr göstərib ki, gündə 7 min addım, gündə 2 min addımla müqayisədə aşağıdakı riskləri azaldır:
demensiya riski – 38%,
ürək-damar xəstəlikləri riski – 25%,
depressiya riski – 22%,
2-ci tip şəkərli diabet riski – 14%,
xərçəng riski – 6%.