
İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres klubun keçmiş futbolçusu Luka Modriçə gələcəkdə klubda məşqçilik təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
Məlumata görə, Peres xorvatiyalının gələcəkdə klubun akademiyasında məşqçilik karyerasına başlayacağı təqdirdə, bunun “Real” üçün böyük şərəf olacağını bildirib.
Qeyd edək ki, digər keçmiş “Real” oyunçuları Raul Qonsales, Quti, Zinəddin Zidan, Alvaro Arbeloa və əsas komandanın hazırkı baş məşqçisi Xabi Alonso da məşqşilik karyeralarına klubun gənclərdən ibarət komandasında başlayıblar.
Xatırladaq ki, iyulun 14-də 39 yaşlı Modriç “Milan”la 2026-cı ilin iyunun 30-na kimi daha bir il uzadılmaq şərti ilə müqavilə imzalayıb.
Modriç 2012-ci ildən “Real Madrid”də çıxış edib və Klublararası Dünya Çempionatından sonra komandadan ayrılıb. 2024/25 mövsümündə yarımmüdafiəçi bütün yarışlarda 62 matçda 4 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bundan əvvəl isə futbolçu “Tottenhem” və “Dinamo Zaqreb”in rənglərini qoruyub.
O, 4 dəfə İspaniya, 3 dəfə Xorvatiya çempionu olub. Həmçinin, 6 dəfə Çempionlar Liqasında qələbə qazanıb.