Rusiya xam nefti Hindistana 5 dollar ucuz satır


Rusiya “Ural” markalı xam nefti Hindistan alıcılarına “Brent” markalı neftin barelinə nisbətən 5 dollar ucuz qiymətə satır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, iki həftə əvvəl hər iki neft markasının qiymətləri demək olar ki, eyni olub.
Bu endirim Avropa İttifaqının sanksiyalarının sərtləşməsi və ABŞ-nin Hindistanın Rusiya nefti almasına görə sanksiya tətbiqi riskləri ilə bağlıdır. ABŞ Prezidenti Donald Tramp Hindistandan ABŞ-yə mal idxalına 25% əlavə rüsum tətbiq edəcəyini bəyan edib və bu qərarı Hindistanın “birbaşa və ya dolayı yolla” Rusiya neftini almaqda davam etməsi ilə əsaslandırıb.
Qeyd olunur ki, ABŞ-nin mövqeyindəki qeyri-müəyyənlik səbəbindən endirim tendensiyası davam edəcək. Bu vəziyyət Hindistanın dövlət və özəl neftayırma zavodlarını daha ehtiyatlı davranmağa vadar edir.
Analitiklər bildirirlər ki, avqust-oktyabr aylarında, Rusiya neft emalı zavodlarının planlı təmir işlərini dayandırdığı dövrdə Hindistana tədarük arta bilər. Buna baxmayaraq, Hindistanın Rusiyadan neft idxalından tamamilə imtina edəcəyi ehtimalı azdır, çünki Rusiyanın 37%-lik bazar payını əvəz etmək ölkə üçün iqtisadi baxımdan çox çətin olacaq.
Dövlət şirkətləri tədarükləri dayandırmağı nəzərdən keçirir, lakin özəl sektor hələ də daha kiçik həcmdə alışlarını davam etdirir. 2025-ci ilin may ayından etibarən Hindistanın ABŞ-dən gündəlik neft idxalı təxminən 225 min barelə yüksəlib ki, bu da ilin əvvəlindəki göstəricidən iki dəfə çoxdur.
“Financial Times” isə yazır ki, Trampın təzyiqləri Hindistanı çətin seçim qarşısında qoyub. Ölkə Rusiyadan gündə təxminən 2 milyon barel neft idxal edir və bu həcmi əvəz edəcək alternativ mənbə tapmaq asan deyil. Tramp əlavə edib ki, oxşar tariflər Rusiya nefti alan digər ölkələrə, hətta avqustun 8-dən sonra Çinə də tətbiq oluna bilər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top