Qəzzada aclıq böhran səviyyəsinə çatıb


Artıq bir neçə həftədir Qəzza zolağında aclıq ciddi böhran səviyyəsinə çatıb.
Yeniavaz.com
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadən xəbər verir ki, iyul ayının ortalarından bu yana azı 16 körpə və beş yaşdan yuxarı 80 uşaq aclıq səbəbindən həyatını itirib. Ümumilikdə ölənlərin sayı 180 nəfərə çatıb.
Fələstin-İsrail münaqişəsi 2023-cü ilin oktyabrında yenidən başlayıb və nəticədə 1000-dən çox israilli, təxminən 60 min fələstinli ölüb. Qəzzadakı binaların 70%-i dağıdılıb. İsrail və HƏMAS arasında atəşkəs razılaşması hələ də əldə olunmayıb.
İsrail 2025-ci ilin martından etibarən Qəzzaya yardım axınının qarşısını alıb. Hətta yardımlar bərpa olunsa da, BMT yardımın miqdarını “qeyri-mütənasib” adlandırıb. Hazırda Qəzzada hər üçüncü insan bir neçə gündür yemək yemir. Humanitar fəlakətin qarşısını almaq üçün gündə azı 600 yük maşını yardım lazımdır.
İsveçli fəal Qreta Tunberq və Fransa deputatı Rima Həsən “Azadlıq Donanması” ilə Qəzzaya yardım aparmağa cəhd etsələr də, saxlanılaraq deportasiya ediliblər.
Humanitar yardım ancaq təhlükəli marşrutlarla həyata keçirilir ki, nəticədə 1373 nəfər yardım almağa çalışarkən öldürülüb. Yardımların yetərsiz və gecikməli çatdırılması insanların aclıqdan ölməsinə səbəb olur.
600-ə yaxın keçmiş İsrail təhlükəsizlik rəsmisi ABŞ-yə müraciət edərək, İsrailin Baş naziri Benyamin Netanyahunu müharibəni dayandırmağa məcbur etməyə çağırıb. Onların fikrincə, HƏMAS artıq strateji təhlükə deyil və əsirlərin azad olunması üçün danışıqlar aparılmalıdır.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top