
Ağ Ev avqustun 6-da ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna prezidentləri – Vladimir Putin və Volodimir Zelenski ilə görüşə hazır olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, anonim mənbələrdən “The New York Times”a ötürülən məlumata görə, görüş gələn həftə baş tuta bilər.
Yüksək səviyyəli Ukrayna mənbələrinə görə, NATO-nun baş katibi Mark Ruttenin, həmçinin Böyük Britaniya, Almaniya və Finlandiya liderlərinin də iştirakı ilə Tramp və Zelenski arasında baş tutan telefon danışığı zamanı bu ehtimal müzakirə edilib.
Zelenski də Trampla telefon danışığını təsdiqləyib və kimliklərini açıqlamasa da, Avropa liderlərinin orada iştirak etdiyini bildirib.
Müzakirə Vaşinqtonun nümayəndəsi Stiv Uitkoffun avqustun 6-da Moskvada Putinlə görüşündən sonra baş tutub:
“Ruslar prezident Trampla görüşmək istəyini bildiriblər. Prezident həm Putin, həm də Zelenski ilə görüşməyə hazırdır”, - Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
“The New York Times” yazır ki, Tramp əvvəlcə Putinlə, ardınca isə Rusiya və Ukrayna liderləri ilə üçtərəfli görüş keçirməyi planlaşdırır.
Qeyd edək ki, Tramp öz nümayəndəsi ilə Putin arasında keçirilən görüşü “çox məhsuldar” adlandırıb, baxmayaraq ki, ABŞ rəsmiləri Moskvanın ticarət tərəfdaşlarına qarşı sanksiyaların hələ də tətbiq olunacağını bildiriblər.