
Çin Xalq Respublikasında 10 000-dən çox çikunqunya yoluxma hadisəsi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşrin məlumatına görə, Quanqdonq əyalətinin Foşan şəhərində 7 min hadisə qeydə alınıb. Yağışlar və havaların isti keçməsi səbəbindən orada infeksiya daşıyıcısı olan ağcaqanadlar aktiv şəkildə çoxalır. Ölənlərin olmadığı bildirilir.
Quanqdonq səlahiyyətliləri, COVID-19 pandemiyası zamanı mövcud olan bəzi məhdudiyyətləri tətbiq edib. Xüsusən də, apteklərdə xəstəliyin əlamətlərini yüngülləşdirmək üçün dərman alarkən sənədləri təqdim etməlisiniz. Alıcılar haqqında məlumatlar sanitar xidmətlərə ötürülür. Digər əyalətlərin bəzi şəhərləri Foşandan gələnlərə məhdudiyyətlər qoyub. Onlara iki həftə ərzində sağlamlıqlarını yaxından izləmək və xəstəliyin ilk əlamətlərində həkimə müraciət etmək tövsiyə olunur. Çikunqunya insanlara yoluxmuş ağcaqanadların dişləməsi ilə ötürülür; insandan insana keçə bilməz. Simptomlara temperaturun 40 dərəcəyə qədər yüksəlməsi, baş ağrıları, şiddətli oynaq və əzələ ağrıları, ürəkbulanma, zəiflik və səpgi daxildir.