Azərbaycandan Rusiyaya gedən məhsulla bağlı antidempinq araşdırması başladıldı


Avrasiya İqtisadi Komissiyası (AİK) Azərbaycan və Türkmənistandan idxal edilən yüksək sıxlıqlı polietilen, polipropilen və onun sopolimerləri ilə bağlı antidempinq araşdırmasına başlayıb.
Yeniavaz.com
“Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumat komissiyanın rəsmi saytında yerləşdirilib.
Araşdırmanın səbəbi bu məhsulların 2023-cü ildə dempinq qiymətləri ilə Rusiya bazarına daxil edilməsi ilə bağlıdır. Araşdırma Rusiyanın iri neft-kimya istehsalçıları — Sibur, “Kazanorgsintez” və “Nijnekamskneftexim” şirkətlərinin müraciəti əsasında başlanılıb. AİK-in sənədlərinə əsasən, Azərbaycandan gətirilən polietilen üzrə dempinq marjası 19,9%, polipropilen üzrə isə 33,85% olub. Türkmənistandan gətirilən polimerlərdə bu göstərici 13,55% təşkil edib.
Bu araşdırma çərçivəsində maraqlı tərəflər 60 gün ərzində komissiyaya öz məlumat və mövqelərini təqdim edə bilərlər. İctimai dinləmələr üçün isə 45 gün ərzində müraciət etmək mümkündür. Nəticədə komissiya əlavə rüsumlar, kvotalar və ya tədarükə tam qadağa tətbiq edə bilər.
Sibur şirkəti vəziyyətlə bağlı “Kommersant”ın suallarını şərh etməkdən imtina edib.
Qeyd edək ki, dempinq – bir məhsulun başqa ölkəyə onun normal bazar qiymətindən daha ucuz qiymətə satılmasıdır. Bu, yerli istehsalçılar üçün zərərli hesab olunur və ona qarşı beynəlxalq qaydalarla antidempinq tədbirləri görülə bilər.
Rusiyalı ekspertlərin fikrincə, Azərbaycanın bu sahədə Rusiya bazarında mövqeyi son illərdə güclənib. “Rupec” şirkətinin rəhbəri Dmitri Semyagin bildirib ki, Azərbaycanın Rusiyaya polietilen ixracı 9%-dən 17%-ə qalxıb. Onun sözlərinə görə, Azərbaycan bu bazarda unikal məhsul çeşidinə malik olmasa da, bəzi hallarda daha ucuz qiymət təklif etdiyi üçün üstünlük qazanıb.
Lakin ekspertlər xəbərdarlıq edirlər ki, dempinqin uzunmüddətli nəticəsi olaraq yerli istehsalçılar bazardan sıxışdırıla bilər və bu da idxaldan asılılığı artırar. Neft Araşdırmalarının İdarəedici Partnyoru Sergey Frolov isə qeyd edib ki, Rusiyanın bu məhsullar üzrə daxili istehsalı kifayət qədərdir və idxalın tam dayandırılması bazar tarazlığına ciddi zərbə vurmayacaq. Əvəzində, Azərbaycanın Rusiya kimi böyük bazarı itirməsi onun üçün ciddi iqtisadi nəticələr doğura bilər.
Nəşr xatırladır ki, bu ilk belə araşdırma deyil. 2024-cü ilin əvvəlində də Rusiyanın iri metallurgiya şirkətləri Çin və Ukraynadan gələn məhsullarla bağlı eyni məzmunlu şikayətlə AİK-ə müraciət etmişdilər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top