
İsrail hərbçiləri bu gün səhər saatlarında “Azadlıq Donanması Koalisiyası”na məxsus olan “Hənzala” gəmisinə hücum edərək, onu beynəlxalq sularda qaçırıb və işğal altındakı Aşdod limanına aparıblar.
Yeniavaz.com “Əl-Cəzirə” kanalına istinadən xəbər verir ki, iyulun 13-də İtaliyadan yola çıxan “Hənzala” gəmisi Qəzza zolağına tətbiq edilən illərlə davam edən blokadanı sarsıtmaq məqsədilə yola salınıb.
Gəmi humanitar dəstək və siyasi mesaj daşıyan beynəlxalq sülh təşəbbüsünün bir hissəsi olaraq Qəzzaya doğru istiqamət götürüb.
Koalisiyanın yaydığı rəsmi açıqlamada qeyd olunur ki, İsrail ordusu beynəlxalq hüququ pozaraq Qəzza sahilindən 40 mil aralıda yerləşən beynəlxalq sularda gəmiyə müdaxilə edib və gəmidəki fəalları mühasirəyə alıb.
Gəminin içərisindən yayılan görüntülərdən aydın olur ki, İsrail əsgərləri “Hənzala”ya daxil olduqdan sonra oradakı canlı yayım kameralarını sıradan çıxarıblar və məlumat axınının qarşısını alıblar.
Qeyd edək ki, “Azadlıq Donanması Koalisiyası” əvvəllər də Qəzzaya humanitar yardım aparmaq və blokadaya qarşı beynəlxalq diqqəti cəlb etmək üçün oxşar təşəbbüslərlə çıxış edib. Lakin bu cəhdlərin əksəriyyəti İsrail tərəfindən zorakılıqla qarşılanıb.
Hazırda gəminin ekipaj üzvlərinin və fəalların taleyi ilə bağlı rəsmi açıqlama verilməyib.