
Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması üçün beynəlxalq proqramlarda iştirak etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmer Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merzlə telefon danışığı zamanı bildirib.
“Üç lider Qəzzadakı vəziyyəti müzakirə edərək, vəziyyətin dəhşətli olduğu barədə razılığa gəldilər və təcili atəşkəsə, İsrailin humanitar yardıma qoyulan bütün məhdudiyyətləri aradan qaldırmasına və Qəzzada zərər çəkənlərə çox ehtiyac duyulan qida ilə təcili təmin edilməsinə ehtiyac olduğunu vurğulayıblar”, - Baş Nazirlikdən verilən açıqlamada deyilir.
“Baş nazir Böyük Britaniyanın humanitar yardımın havadan endirilməsi və tibbi yardıma ehtiyacı olan uşaqları təxliyə etmək üçün İordaniya kimi tərəfdaşlarla işləmək planlarını necə inkişaf etdirəcəyini açıqlayıb”.
Üç lider Ukraynadakı vəziyyəti də müzakirə edərək, Moskvanı sülh danışıqlarında iştirak etməyə razı salmaq üçün Rusiya hakimiyyətinə təzyiqləri davam etdirməyə razılaşıblar. Rəsmi London bundan əvvəl bəyan etmişdi ki, bu cür müzakirələr qeyd-şərtsiz atəşkəslə nəticələnməlidir.
Starmer, Makron və Merz İranın nüvə proqramına da toxunaraq, İran BAEA ilə əməkdaşlıq etməsə və diplomatik danışıqlara qayıtmasa, sanksiyaların avqustun sonunda bərpa ediləcəyi ilə bağlı razılığa gəliblər.