Stress təkcə uşaqların psixoloji inkişafı üçün yox, fizioloji inkişafı üçün də təlükəlidir


Bütün valideynlər uşaqlarının sağlam inkişaf etməsini istəyirlər. Ancaq burada yol verilən ən böyük səhv uşağın sağlam inkişaf etməsinin onun qəbul etdiyi qidalarla bağlı olmasıdır.
Müasir dövrümüzdə hər bir uşağın, demək olar ki, bir ailə həkimi var. Ancaq bu uşaqların 30 faizinin (bəlkə də daha azının) bir ailə psixoloqu və ya bir ailə pedaqoqu yoxdur. Bu isə, əslində, bizim uşaqlarımızın psixoloji sağlamlığından çox, fizioloji sağlamlığına göstərdiyimiz diqqətin nəticəsidir.
Uşaqlar bəzən müəyyən səbəblərlə özlərini gərgin hiss edirlər. Və uşaqların yaşadıqları bu gərginlik (bunu başqa cür stress də adlandırmaq olar) təkcə onların psixoloji inkişafına yox, fizioloji inkişafına da mənfi təsir göstərir. Başqa sözlə, uşaqların fizioloji inkişafı onların psixoloji inkişafı ilə düz mütənasibdir.
Burada əsas səbəblərdən biri də inkişaf hormonu kimi tanıdığımız hipofiz hormonudur. Belə ki, stress hipofiz hormonuna mənfi təsir göstərir və nəticədə, hipofiz hormonunun uşaqların fizioloji inkişafına müsbət təsiri azalır. Bu isə birbaşa uşağın inkişaf sürətinin azalması deməkdir.
Bir sözlə, uşaqlar xoşbəxt bir uşaqlıq keçirsələr və stresdən uzaq olsalar, daha sağlam və daha tez inkişaf edərlər.
Buradan çıxış edərək deyə bilərik ki, uşağın sağlam inkişaf etməsi üçün onun istəyi ilə yedirilən bir qaşıq yemək, onu məcbur edərək yedirilən bir qab yeməkdən daha yaxşıdır. Buna görə də, analar uşaqlarını məcbur edərək yedirdikləri üçün sevinməməlidirlər. Çünki məsələyə bu cür münasibət həm uşaqda yemək problemini artırır, həm də bu yeməyin uşağın orqanizminə təsirini azaldır.
Unutmayın ki, uşaqlar nə qədər xoşbəxt və stresdən uzaq olsalar, o qədər sağlam və yaxşı inkişaf edərlər.  

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top