Kamboca-Tailand sərhədində qarşıdurma – Ölənlər var


İyulun 24-də səhər saatlarında Kamboca-Tailand sərhədində silahlı toqquşmalar baş verib.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, hərbi əməliyyatlar zamanı Tailand tərəfindən ən azı 11 mülki şəxs və bir hərbçi həlak olub.
Kambocanın “Khmer Times” qəzeti xəbər verir ki, qarşıdurma saat 07:30-da (Bakı vaxtı ilə saat 04:30) Oddar Mençei əyalətindəki mübahisəli sərhəd bölgəsi yaxınlığında başlayıb.
Qəzetin yazdığına görə, Tailand Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri sərhəddəki gərginliyin artması ilə Kambocanın hərbi mövqelərini bombalayıb.
Onun məlumatına görə, saat 11:30-da (Bakı vaxtı ilə saat 08:30) Tailand Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Preaxvixear əyalətindəki mübahisəli sərhəd zonası boyunca Kamboca hərbi mövqelərinə zərbələr endirib.
Tailand Kral Hərbi Hava Qüvvələri Kamboca silahlı qüvvələrinin mövqelərinə zərbələr endirmək üçün altı F-16 qırıcı təyyarəsi yerləşdirib. Təyyarələr saat 10:58 (Bakı vaxtı ilə saat 07:58) radələrində Kamboca Silahlı Qüvvələrinin 8-ci və 9-cu Dəstək Briqadalarının hərbi qərargahını vurub.
Tailand ordusu isə Kamboca silahlı qüvvələrinin sərhəd bölgəsində pilotsuz uçuş aparatlarından istifadə etdiyini bildirib.
Qeyd edək ki, Kamboca və Tailand arasında münasibətlər mayın 28-də Tailand əsgərlərinin Kambocanın Preaxvixear əyaləti ilə Tailandın Ubonraçatxani əyaləti arasında mübahisəli ərazidə yerləşən Kamboca hərbi postuna atəş açmasından sonra pisləşməyə başlayıb. Atışma nəticəsində, bir Kamboca əsgəri ölüb, bir neçəsi yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top