Bir daha su haqqında...


Su insan qidasında əsas yerlərdən birini tutur. O, orqanizmdə gedən saysız-hesabsız kimyəvi reaksiyalarda iştirak edir. Hər bir orqanda və hər bir toxumada olan suyun miqdarını orqanizm özü müəyyən edir (Yeri gəlmişkən deyək ki, insanın bütün orqanizmi yaşından asılı olaraq 65-95 faiz sudan ibarətdir).
Hətta ən kiçik su itkisi belə orqanizmə mənfi təsir edir. Orqanizm çəkisinin 0,5 faizindən çox su itirdikdə (məsələn, çəkisi 70 kiloqram olan adam üçün 350 ml) insan ağızda və udlaqda quruluq hiss edir. Orqanizmdə su 5-6 faiz azaldıqda qan dövranı azalır, çünki qan qatılaşır, sidik ifrazı azalır, əzələ qıclığı və başqa xoşagəlməz hallar baş verir.
Normal vəziyyətdə insan orqanizmindən gündə orta hesabla 2,5 litr su çıxır. Gərgin fiziki iş gördükdə və ya hava çox isti olduqda orqanizm tər vasitəsi ilə çoxlu su itirir (gündə təqribən 10 litrə qədər). Həmçinin, tər orqanizmin temperaturunu sabit saxlayan amillərdən biridir.
Bəs insana nə qədər su lazımdır? Aparılan tədqiqatlar göstərir ki, orqanizmin çəkisinin hər kiloqramı üçün su norması 40 ml-dir. Südəmər uşaqlarda isə bu rəqəm daha çox, yəni, 120-150 ml-ə bərabərdir.
Ümumiyyətlə, orqanizmin istifadə etdiyi suyun miqdarı bir çox amillərdən asılıdır. Bu amillər əsasən ətraf mühit, yaş, çəki, qida və s.-dir.
İnsan orta hesabla gündə 2300-2700 ml su istifadə edir. Orqanizmin özündə əmələ gələn suyun miqdarı isə təqribən 300-400 ml-dir.
Bəs bu su orqanizmdə necə əmələ gəlir? Təbii ki, qəbul etdiyimiz qidaların oksidləşməsi nəticəsində. Belə ki, 100 qram yağ okidləşdikdə orqanizmdə 107 ml, 100 qram zülal oksidləşdikdə 41 ml, 100 qram karbohidrat oksidləşdikdə isə 55 ml su əmələ gəlir.
Orqanizmdəki su miqdarını tənzimləmək üçün təqribən də olsa, hansı qidada nə qədər suyun olduğunu bilmək lazımdır. Məsələn, suda bişmiş ətdə 40 faizə qədər, qayğanaqda 70 faizə qədər, əksər tərəvəz və meyvələrdə azı 75-80 faizə qədər su var.
Suyu nə qədər qəbul etmək vacib olduğu kimi, suyu necə qəbul etmək də vacibdir. Belə ki, su içməyə başlayandan orqanizmimizdəki su limitini doldurana qədər təqribən 10-20 dəqiqə vaxt keçir. Buna görə də, suyu yavaş-yavaş və ya az-az içmək məsləhətdir.
Su insan sağlamlığının əsas şərtlərindən biridir. Suyu normaya uyğun içdikdə orqanizmimizdə olan su hər 16-20 gündən bir dəyişir. Bir insan 50 ildə orta hesabla 40 ton su içir.
P. S. Unutmayın ki, az su içmək qədər çox su içmək də zərərlidir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top