CHP-nin keçmiş sədri 93 yaşında dünyasını dəyişib


Türkiyədə tanınmış jurnalist, yazar və Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Altan Öymen 93 yaşında orqan çatışmazlığı səbəbilə dünyasını dəyişib.
Yeniavaz.com 
Türkiyə mətbuatına istinadən xəbər verir ki, altı həftə əvvəl ağciyər xərçəngi diaqnozu ilə əməliyyat olunan Öymen, son günlərdə tənəffüs çatışmazlığı səbəbindən reanimasiyaya yerləşdirilib.
CHP-nin hazırkı sədri Özgür Özəl Öymenin vəfatı ilə bağlı başsağlığı verərək bildirib: “Altan Öymenin yeri əvəzolunmazdır. O, dik durdu. Siyasətdə ondan çox şey öyrəndik. Onun yerinə necə keçəcəyimizi bilmirəm. Başsağlığı veririk, çox üzgünüz”.
Qeyd edək ki, Altan Öymen 20 iyun 1932-ci ildə Trabzonda anadan olub. Atası Hıfzırrəhman Raşit Öymen Türkiyə Böyük Millət Məclisinin üzvü olub. Jurnalistikaya 1950-ci ildə, tələbə ikən “Ulus” qəzetində parlament müxbiri kimi başlayıb. Sonralar “Yeni Gün”, “Milliyet”, “Cümhuriyyət”, “Radikal” kimi nüfuzlu qəzetlərdə mühüm vəzifələrdə çalışıb. 1972-ci ildə Anka Xəbər Agentliyini qurub və ona rəhbərlik edib. Öymen 1961-ci ildə Qurucu Məclisin üzvü olub, 1977-ci ildə CHP-dən Ankara millət vəkili seçilib və həmin il Turizm və Tanıtma naziri postunu tutub. Sonrakı illərdə CHP-nin bir sıra strukturlarında rəhbər vəzifələrdə çalışıb. 1999-cu ildə CHP sədrliyinə seçilib, lakin 2000-ci ildə partiya rəhbərliyini Dəniz Baykala təhvil verib.

DİGƏR XƏBƏRLƏR

Top